Bosniya Serblərinin lideri Milorad Dodik, Avropanın iqtisadi uğurlarının böyük hissəsinin Rusiya resurslarına çıxışa əsaslandığını və Avropanın yalnız Rusiya ilə yenilənmiş əməkdaşlıq sayəsində dağılmaqdan xilas ola biləcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, TASS-a açıqlama verən Dodik, Avropanın tarixindəki soyğunçuluq və istismar dövrlərinə diqqət çəkərək, “Avropanın iqtisadi uğuru əsasən Rusiyanın resurslarına çıxışa əsaslanıb. Əlverişli qiymətlərlə. İndi bu imkan aradan qalxdıqdan sonra biz Avropanı çox ağır iqtisadi vəziyyətdə görürük. Onların iqtisadi göstəriciləri çox aşağıdır. Tənəzzül yaşanır, miqrant axını ilə bağlı problemlər mövcuddur. Bu vəziyyətin sonunda Avropa öz mövcudluğunu qorumaq üçün yalnız Rusiyaya daha sıx inteqrasiya ilə ayaqda qala bilər”, – deyə vurğulayıb.
Dodik, Almaniyanın iqtisadi uğurlarını misal gətirərək, “Rusiyadan ucuz qaz alarkən Almaniyanın iqtisadiyyatı inkişaf edirdi. Lakin Amerikadan gələn qazın qiymətinin üç dəfə artması ilə alman iqtisadi möcüzəsi sona çatdı. Əminəm ki, Avropa, Rusiya ilə inteqrasiya olunmayana qədər heç bir uğur əldə edə bilməyəcək”, – deyə əlavə edib.
Bosniya serb lideri, həmçinin Belçikanın vəziyyətini də qeyd edərək, “Belçika artıq başa düşür ki, bu vəziyyətdə hər şeyin əvəzini ödəməli olacaqlar. Əgər Avropa bu yolu davam edərsə, son nəticədə hər şey Avropanın dağılmasına gətirib çıxara bilər”, – söyləyib.
Dodik, Avropanın gələcəyini yalnız Rusiyaya olan iqtisadi əlaqələrini bərpa edərək təmin edə biləcəyini vurğulayıb.


























