ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə müharibəni sona çatdıracaq razılaşma məsələsində tez hərəkət etməyə çağırıb və gecikmələrin Moskvanın mövqeyini sərtləşdirə biləcəyi barədə xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Donald Tramp danışıqların dönüş nöqtəsinə yaxınlaşdığını söyləyib və Kiyevin tez hərəkət etməsinin vacibliyini vurğulayıb.
“Nəsə baş verəcək, amma ümid edirəm ki, Ukrayna tez bir zamanda hərəkət edəcək. Nə vaxt çox uzanırsa, Rusiya fikrini dəyişir’’,-deyə Donald Tramp vurğulayıb.
Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin Floridada Ukrayna nümayəndəsi Rustem Umerovla görüşməsi gözlənilir.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev nümayəndə heyətinin cümə və şənbə günləri ABŞ-lı həmkarları ilə danışıqlar aparacağını təsdiqləyib. ABŞ rəsmilərinin həmçinin Rusiya nümayəndələri ilə ayrıca danışıqlar aparması planlaşdırılır.
Qeyd edək ki, diplomatik irəliləyişlər əldə olunmasına baxmayaraq əsas məsələlərdə irəliləyiş yoxdur.
Rusiya hələlik son təkliflərə açıq şəkildə cavab verməsə də, Putin dəfələrlə Moskvanın maksimalist hərbi məqsədlərini həyata keçirmək niyyətini bildirib.


























