İSTAD sədri Səfər Karakoyunlu: “Evi şüşədən olan qardaşının evinə daş atmaz!”
İSTAD sədri və TADEF-in mətbuat katibi Səfər Karakoyunlu Azərbaycana qarşı təşkil olunan etiraz aksiyaları ilə bağlı açıqlamasında bildirib ki, demokratik tənqid hüququ qanunidir, lakin bu, müstəqil və suveren bir dövlətin daxili işlərinə müdaxilə anlayışına çevrilməməlidir.
Karakoyunlu qeyd edib: “Hər bir müstəqil dövlətin öz konstitusiyası, qanunları, dövlətçilik anlayışı və özünəməxsus mövqeyi var. Heç bir dövlət başqa bir dövlətin suverenliyini və onun daxili məsələləri ilə bağlı qərarlarını öz meyarları ilə sorğulamaq hüququnu özündə görə bilməz. Tənqid oluna bilər, lakin suverenlik hüququna hörmət etmək əsasdır”.
“TƏNQİD BAŞQA, HÜSUMƏT BAŞQA!”
Türkiyə-Azərbaycan əlaqələrinin gündəlik siyasi müzakirələrdən çox-çox üstün tariximizə və ictimai bağlarımıza əsaslandığını vurğulayan Karakoyunlu bunları söyləyib:
“Qardaşlıq bir-birimizin hər bir addımını sual-sualsız təsdiqləmək demək deyil. Səhv gördükdə, əlbəttə ki, deyirik. Lakin tənqidlə hüsuməti (düşmənçiliyi) qarışdırmaq olmaz”.
“AZƏRBAYCANIN ƏN ÇƏTİN GÜNLƏRİNDƏ SİZ HARADAYDINIZ?”
Azərbaycanın işğal illərində yaşadığı acılara diqqət çəkən Karakoyunlu sözlərini belə davam etdirib:
“Dünyanın gözü önündə Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal olunarkən, təxminən 1 milyon insan doğma yurd-yuvasından didərgin salınarkən, minlərlə insan həyatını itirərkən və Xocalıda böyük bir bəşəri faciə yaşanarkən siz haradaydınız?”
Səmimiyyətin yalnız bugünkü gündəmlərlə göstərilə bilməyəcəyini qeyd edən Karakoyunlu, “Əgər həqiqətən səmimisinizsə, əvvəlcə yetim haqqı yeyənləri, dövlət xəzinəsinə və beytülmala əl uzadanları etiraz aksiyası ilə qınayın. Azərbaycan üzərindən Türkiyə-Azərbaycan qardaşlıq hüququna xələl gətirməyə çalışmaq nə ədalətlə, nə də səmimiyyətlə uzlaşır”, – deyə əlavə edib.
“TÜRK QARDAŞLIĞIMIZI GÜNDƏLK SİYASİ HESABLAMALARA QURBAN VERMƏK OLMAZ”
Fərqli siyasi və ideoloji yanaşmaların Türkiyə-Azərbaycan əlaqələrinə zərər verməməli olduğunu vurğulayan Karakoyunlu bildirib: “Ümmətçi və ya fərqli siyasi səbəblərlə ortaya qoyulan yanaşmaların türk qardaşlığımızı pozmasına icra verməyəcəyik”.
Karakoyunlu açıqlamasını bu ifadələrlə yekunlaşdırıb:
“Dünən Azərbaycan işğal edilərkən və Xocalının acısı yaşanarkən kifayət qədər səs çıxarmayanların bu gün Azərbaycan üzərindən qardaşlıq dərsi verməsini qəbul etmirik. Qardaşlıq yalnız yaxşı günlərdə xatırlanan söz deyil, çətin gündə göstərilən sədaqətdir. Evi şüşədən olan qardaşının evinə daş atmaz.
Türkiyə-Azərbaycan qardaşlığı gündəlik müzakirələrdən qat-qat üstün bir bağdır. Bu bağı siyasi hesablamalara və müvəqqəti gərginliklərə qurban verməməliyik”.


























