image-bez-nazvaniyabackend

Dustaq vaqonunda qətliam

image-reklam_sirab_01

1987-ci il fevralın 24-də Leninqrad şəhərinin Moskva vağzalının gözdən uzaq perronlarının birində poçt-yük qatarı dayandı. Qatarın tərkibində dustaqların daşınması üçün nəzərdə tutulan xüsusi vaqon vardı. Dustaqların “Stolıpin” adlandırdıqları həmin vaqonla xeyli məhkum həbs düşərgələrinə aparılmışdı, qayıdanda isə içində yalnız karaul vardı.

Sözügedən vaqonda karaul 8 nəfərdən ibarət idi. Praporşik Pilipenko karaul rəisi idi, onun köməkçisi serjant Slesaryov və sıravilər Qataulin (aşpaz), Cəfərov, Məcnunov, Sakalauskas, Neçayev və Sinitski. Bir nəfər də mülki şəxs, bələdçi Daşkiyev.

Dustaq daşımaq üçün istifadə olunan vaqon
Dustaq daşımaq üçün istifadə olunan vaqon
Amma qatar dayanandan sonra vaqondan kimsə düşmədi. İçəri daxil olanda səkkiz nəfərin güllələnmiş cəsədi tapıldı. Karaulun hamısı və bələdçi öldürülmüşdü. Təkcə bir nəfər, litvalı Arturas Sakalauskas yox idi. Üstəlik, silah şkafında beş tapança və daha beş ehtiyat daraq yox idi.

Baş verən cinayətin mənzərəsini təsəvvür etmək çətin deyildi. Sakalauskas şkafdan silahları götürərək karaulu və bələdçini qətlə yetirmişdi. Motivi də etimal etmək olardı: cəmi səkkiz ayın əsgəri olan Arturas yəqin ki, “dedovşina” deyilən alçaldıcı rəftara məruz qalmış və dözməyərək cinayət törətmişdi.

***

Tezliklə Leninqraddan 344 km məsafədə yerləşən Babayevo şəhərində yaşlı qadın milisə şikayət edir ki, evində gecələməyə icazə verdiyi hərbçi oğlunun gödəkçəsini, papağını və şalvarını oğurlayaraq gedib. Ona Sakalauskasın şəklini göstərəndə tanıyır. Şəkildəki şəxsi həm də stansiyadakı kassir tanıyır. Məlum olur ki, Sakalauskas cinayəti törətdikdən sonra Babayevo stansiyasında qatarı tərk edib və bir gün gecələyəndən sonra elektrik qatarı ilə Leninqrada gedib.

Silahlı qatili yaxalamaq üçün Leninqradda fövqəlad tədbirlər görüldü. Onun şəkli qəzetlərdə çap olundu, axtarışdakı şəxslərin şəkilləri olan stendə yapışdırıldı. Litvaya getməyə cəhd göstərməsi ehtimalı nəzərə alınaraq, avtobus, dəmiryolu, aviasiya kassaları nəzarətə götürüldü, hər bir kassirə şəkli verildi.

Sakalauskas həqiqətən də Leninqraddan getməyə cəhd göstərir, amma vağzalların nəzarət altında olduğunu görür. O, gecələri şəhərin müxtəlif yerlərində bina çardaqlarında gecələyir. Fevralın 28-də sadəcə vaxtını keçirmək üçün 47 saylı avtobusa minərək şəhəri dolaşır. Bu zaman sərnişinlərdən biri onu tanıyır, növbəti dayanacaqda düşərək milisə xəbər verir. Bir neçə dəqiqədən sonra əsgər yaxalanır.

***

Istintaqa ifadə verən Sakalauskas digər əsgərlər tərəfindən mütəmadi olaraq aşağılayıcı rəftara, təhqirə, işgəncəyə məruz qaldığını deyir. Son səfərdə dustaqları apararkən o, sutka boyu yalnız 4-5 saat yatır, qalan vaxtı isə həm özünün, həm də başqalarının yerinə kupe-kameralar qarşısındakı dəhlizdə növbə çəkir.

Təhqirlər ən müxtəlif formaları alır. Gah xörəyinə bir ovuc duz tökürlər, gah heç xörək vermirlər. Yatan yerdə ayaq barmaqlarının arasına kağız qoyub yandırırlar (buna “velosiped” deyilir). Vaqonun tualetini yaxşı təmizləmədiyini bəhanə edən serjant Slesaryov onun başını unitaza salır. Sakalauskas xüsusən Məcnunovun onu tez-tez döyməsini iddia edir. Bütün bunlar karaul rəisinin gözü qarşısında baş versə də, o, heç nəyə müdaxilə etmir.

Sakalauskas istintaqa ifadə verir
Sakalauskas istintaqa ifadə verir
Nəhayət, səfərin bitməsinə bir gün qalarkən, fevralın 23-də əsgərlər Məcnunov və Cəfərov onu zorlamağa cəhd edirlər. Sakalauskası boş kupelərin birinə salan iki dost onun şalvarını aşağı çəkirlər. Sonra Məcnunov başından tutub saxlayır, Cəfərov isə zorlamağa çalışır, amma orqazm keçirdiyindən istəyi baş tutmur. Dostlar həmin gün bütün karaulun onu zorlayacağını deyərək kupedən çıxırlar.

Sakalauskas spermaya batmış kalsonunu çıxarır, yuyunur və karaul rəsinin kupesinin önündən keçəndə onun yatdığını, silah şkafının isə təlimatın ziddinə açıq olduğunu görür. İçəri girən əsgər iki tapança götürür, tualetə keçib onları atəşə hazır vəziyyətə gətirir. Geri qayıdarkən birinci atəşi elə karaul rəisinə açır, amma yara ölümcül olmur

Daha sonra o, növbəti kupeyə, əsgərlərin, eləcə də bələdçinin oturub kart oynadıqları kupeyə keçir və burada bələdçidən başqa hamıya atəş açır. Gülləsi qurtardıqda yenidən rəisin kupesinə qayıdıb tapança götürür. Bu zaman çox güman ki, bələdçi kupenin qapısını arxadan bağlayır. Amma Sakalauskas qapının arxasından atəş açmaqda davam edir və bu zaman bələdçi də ölümcül yara alır.

Bu zaman karaul rəisi özünə gələrək dəhlizə çıxır və yeni güllələrə tuş gəlir. Qətliam zamanı ümumilikdə 46 güllə sərf olunur, onlardan 33-ü hədəfə dəyir. Karaul rəisinin formasını geyinən, pulunu və çantasını, eləcə də beş tapança və ərzaq götürən əsgər Babayevo stansiyasına çatdıqda qatarı tərk edir.

***

Müstəntiqlər Sibirdəki həbs düşərgələrinə yollanaraq məşum səfər zamanı etap olunan dustaqların ifadələrini alır. Onların hamısı Sakalauskasın dediklərini təsdiq edirlər. Bəziləri hətta dustaqlar arasında belə vəhşiliyə rast gəlmədiklərini söyləyirlər.

İstintaq getdiyi müddətdə Sakalauskasın psixikasında pozuntular müşahidə olunur. Məhkəmə psixiatrik ekspertiza cinayəti törədərkən onun “dərin psixoloji böhran və psixikanın deformasiyası vəziyyətində” olduğu barədə rəy verir. Buna görə də məhkəmə onun həbsxanaya deyil, psixiatrik dispanserə müalicəyə göndərir.

SSRİ dağılandan bir neçə il sonra Arturas Sakalauskas Litvaya verildi. Onun sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki