“Dünən mediada 4 saylı cəzaçəkmə müəssisəsində məhkumların sıxlığı ilə əlaqədar bir xəbər dərc olunub. Ədliyyə Nazirliyi yanında İctimai Şura olaraq tez-tez cəzaçəkmə müəssisələrində monitorinqlər həyata keçiririk. Bir neçə gün öncə, daha dəqiq 11 iyulda İctimai Şura üzvləri ilə birlikdə həmin 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq həyata keçirmişik. Müəssisədə keçirilmiş monitorinqin nəticələrinə dair rəy hazırlanıb və Nazirliyə təqdim edilib”.
Bunu Demokrat.az-a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə deyib. O bildirib ki, müəssisə yeni tikilmiş müəssisədir, müasir standartlara uyğun bütün şəraitlə təchiz edilib:
“Müəssisə hər zaman Ədliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Burada məhkumların məşğulluğu, faydalı əməyə cəlb olunması və özfəaliyyət qruplarının yaradılması təşviq edilir, vətəndaş cəmiyyəti institutları ilə birlikdə çoxsaylı layihələr həyata keçirilir.
Monitorinqlər zamanı məhkumların hüquq və azadlıqlarının təmin olunması, onların saxlanma şəraiti, qida, tibbi və digər təminatlarının qarşılanması ilə maraqlandıq. Həmçinin onların əmək şəraiti ilə də tanış olduq, müəssisə daxilində tikiş və xalça sexində olduq, məhkumlarla təkbətək görüşdük. Məhkumların qeyd olunan məsələlərlə bağlı hər hansı şikayəti olmamışdır.
Müraciətdən onun müəllifinin bilinməməsinə və məktubun məhz cəzaçəkmə müəssisəsindən çıxmasına əsaslı şübhələr var, bu da yazılanların qərəzli olmasına dəlalət edir”.