Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri davam edir.
Deputatlığa namizədin bu dəfəki görüşü Quba olimpiya kompleksində baş tutub. Minlərlə qubalı seçicinin və qonaqların iştirak etdiyi möhtəşəm görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Əvvəlcə, Əlibala Məhərrrəmzadədən bəhs edən qısa video-çarx izlənilib.
Daha sonra çıxış edən 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadə qonaqları salamlayaraq, bu möhtəşəm tədbirdə iştirakına görə hər kəsə təşəkkür edib. Deputatlığa namizəd öz platforması haqqında məlumat verib. O bildirib ki, seçiləcəyi təqdirdə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacaq.
Görüşdə görkəmli bəstəkar, professor, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, dünya şöhrətli Azərbaycanlı rəssam,xalq artisti Sakit Məmmədov, tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimov, Xalq artisti, tanınmışş tarzən Elçin Həşimov, Xalq Artisti, tanınmış kaman ustası Elnur Əhmədov çıxış edərək bütün qubalıları Əlibala Məhərrəmzadəyə səs verməyə çağırıblar.
Görüşdə şəhid ailələri, qazilər iştirak edib. Tanınmış şair Ramiz Qusarçaylı “Azərbaycan bayrağı” şeirini səsləndirib.
Bu möhtəşəm görüşdə rayonun bütün kənd və qəsəbələrindən seçicilər iştirak edib.