Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Əliyev Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Hindistanın qisasa çalışmasının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan prezident qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
Dövlət başçısı Əliyev öz növbəsində üçtərəfli əsasda – Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
Strateji əməkdaşlıq
Hər iki lider Azərbaycan-Pakistan hökumətlərarası komissiyası çərçivəsində ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Şərif Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlərə görə Əliyevi təbrik edib. Əliyev isə bunun Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün vacib olduğunu bildirib.
Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın Pakistan ilə tərəfdaşlığı yaxın siyasi, mədəni və strateji əlaqələrə əsaslanır. Son illərdə İslamabad və Bakı müdafiə, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndiriblər.
“South China Morning Post” xəbər verib ki, Hindistan digər tərəfdən Türkiyə, Azərbaycan və Pakistan arasındakı artan stateji əməkdaşlığa qarşı daha geniş səylərin bir hissəsi kimi Ermənistana silah satışını sürətləndirir.
Ermənistan-Pakistan əlaqələri
Avqustun 31-də ŞƏT sammiti çərçivəsində Ermənistan və Pakistan diplomatik əlaqələrin qurulması barədə rəsmi açıqlama veriblər.
Pakistan Azərbaycanla yaxın əlaqələri səbəbindən Qarabağın Ermənistan tərəfindən işğalına görə bu ölkə ilə diplomatik əlaqələr qurmayıb.
Lakin Bakı və İrəvan uzun illər davam edən münaqişəni həll etməyə yaxınlaşırlar. Qarabağın böyük hissəsi 2020-ci ilin payızında 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən azad edildi. Müharibə Rusiya vasitəçiliyi ilə əldə olunan atəşkəs ilə başa çatdı və normallaşma və sərhədlərin müəyyənləşdirilməsi üzrə danışıqlara yol açdı.
2023-cü ilin sentyabrında Azərbaycan separatçı qüvvələrin təslim olmasından sonra bölgə üzərində tam suverenliyini bərpa etdi.
Türkiyənin səyləri nəticəsində Bakı və İrəvan mart ayında sülh sazişi ilə bağlı razılığa gəldilər. Bu ayın əvvəlində isə iki keçmiş Sovet Respublikasının liderləri Trampın iştirakı ilə keçirilən görüşdə münaqişəni sona çatdırmaq məqsədilə ABŞ vasitəçiliyi ilə razılaşma imzaladılar.