“Bu qərarı nə doğru hesab edirik, nə də təsdiqləyirik”.- bu fikirləri Türkiyə
Prezidenti Rəcəb Təyyub Ərdoğan Braziliya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verərək deyib:
“(Rusiya-Ukrayna) Müharibəni alovlandırmaq, heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək üçün həmlə kimi şərh edilə biləcək bir addım (Ukraynaya bu icazəni verən) cənab Bayden tərəfindən atılıb” deyə Ərdoğan bildirib.
Dövlət başçısı deyib: “Əvvəla, biz bu qərarı nə düzgün hesab edirik, nə də təsdiqləyirik. Ən kiçik səhv barut çəlləyinə od atmaq kimi olacaq. Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm. Bunlar regionu və dünyanı böyük müharibənin astanasına gətirə bilər. “Məndən sonra nə olacağı mühüm deyil” anlayışı ilə heç nə əldə edilə bilməz”.
Braziliyada keçirilən G20 Sammitində İsrailin Qəzza və Livana təcavüzünə diqqət çəkdiyini vurğulayan Ərdoğan “Təşəbbüslərimiz nəticəsində G20 Liderlərinin Bəyannaməsində Qəzza ilə bağlı sərt cümlələr qəbul edildi. Livandakı təhlükəli durumla yanaşı, Qəzzaya humanitar yardımın çatdırılmasına maneələrin aradan qaldırılması çağırışı da rəhbərlik səviyyəsində qeydə alınıb” deyib.