Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.
Ərdoğan bildirib ki, əgər biri bu soyqırıma susursa, deməli, İsrailin törətdiyi insanlıq cinayətlərinə şərikdir.
İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF) açılış mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrailin Qəzza xalqına qarşı nasistləri çox geridə qoyan soyqırımını bütün bəşəriyyətin gündəmində saxlamağa davam edəcəyini bildirib.
“Məqsədimiz yaxın zamanda atəşkəs əldə etməkdir. Humanitar yardımın Qəzzaya daxil olmasına icazə vermək başqa bir prioritetdir. Humanitar yardımların daxil olmasına icazə verilmədiyi üçün aclıqdan arıqlamış Qəzzada uşaqların əziyyət çəkməsi bizim narahatlığımızdır”, – deyə dövlət başçısı qeyd edib.
Ərdoğan “Hər gün onlarla günahsız insanın bir tikə çörək və ya bir qurtum su tapa bilmədiyi üçün öldüyü bu qəddarlığı insan ləyaqətinə sığmayan heç kim qəbul edə bilməz. Aclıqdan kütləvi ölümlərin başladığı bu qara günlərdə mən bütün beynəlxalq ictimaiyyəti bəşəriyyət cəbhəsində birləşməyə çağırıram” deyib.
Türkiyənin müdafiə sənayesindəki inkişafı ilə bağlı Ərdoğan ölkənin qlobal güc olmaq üçün “embarqoları, ikili standartları və diplomatik təzyiqləri” aşdığını və hazırda müdafiə sənayesi məhsulları ilə qlobal bazarlara hakim mövqeyə çatdığını bildirib.
Ərdoğan “Müdafiə sənayemizin yerli istehsal nisbəti artıq 80 faizi keçib” deyib.
Qeyd edək ki, IDEF-2025 sərgisi 22–27 iyul tarixlərində İstanbulda keçirilir. Tədbir Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezidentliyə bağlı Müdafiə Sənayesi İdarəsinin dəstəyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun rəhbərliyi ilə təşkil olunub. Sərgi dünyanın müxtəlif ölkələrindən dövlət və sənaye nümayəndələrinin iştirakı ilə keçirilir.
Sərgidə zirehli döyüş maşınları, taktiki zirehli texnikalar, pilotsuz quru, hava və dəniz nəqliyyat vasitələri, silah sistemləri, raketlər, uzunmənzilli tank əleyhinə raket sistemləri, piyada silahları, hərbi simulyatorlar, elektron döyüş həlləri, enerji paketləri, partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün avadanlıqlar nümayiş etdirilir.
Böyük iştirakçı kütləsinin diqqət mərkəzində olması gözlənilən sərgi zamanı çoxsaylı imza mərasimləri də keçiriləcək.
Əvvəlki sərgi də 2023-cü ilin iyulunda İstanbulda keçirilib.