Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türk dünyası Şimali Kipr Türk Respublikasının (ŞKTR) Türk Dövlətləri Təşkilatına daxil edilmədən “tam” deyil.
“Biz inanırıq ki, Türk dünyasının xatirə fotosu Şimali Kıbrıs Türk Respublikasının iştirakı olmadan həmişə natamam qalacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində deyib.
Dövlət başçısı Türk dövlətlərindən bu istiqamətdə əməli addımlar atacaqlarını gözlədiklərini vurğulayıb:
“Şimali Kıbrıs Türk Cümhuriyyətsiz Türk dünyasını təsəvvür etmək çətindir. Ona görə də qısa müddətdə Şimali Kıbrısın TDT-yə tamhüquqlu üzv kimi qəbul ediləcəyinə inanırıq”.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında ŞKTC Səmərqənd Sammitində təşkilatın müşahidəçi üzvü olmuşdu.
“Biz (TDT) bir çox çətinlikləri, ön mühakimələri və maneələri dəf etdik,” – deyə Ərdoğan bildirib və əlavə edib: “Əlbəttə, hələ uzun bir yol var, amma qardaşlarım və bacılarım, sizinlə birlikdə məqsədlərimizə çatacağımıza heç bir şübhəm yoxdur.”
Ərdoğan həmçinin Şərq və Qərb arasında əsas marşrut olan Orta Dəhlizi vurğulayaraq, onun uğuru üçün Türk Dövlətləri Təşkilatı daxilində daha güclü əməkdaşlığa çağırıb.
Regional münaqişələrdən danışan Ərdoğan deyib: “Keçmişdə Kıbrısda, Qarabağda, Bosniyada baş verən faciələr və bu gün Qəzzada yaşananlar bizə sərhədlərimizin kənarında baş verənləri də nəzərə almağın vacibliyini xatırladır.
Qardaşlıq bağlarımız bir-birimizin arxasında dayanmağı və həmrəyliyimizi artırmağı zəruri edir”.
Ukraynada davam edən müharibəyə toxunan Ərdoğan bildirib ki, hər iki ölkə (Rusiya-Ukrayna) ilə hərtərəfli atəşkəs və ədalətli sülhə nail olmaq üçün intensiv əlaqələrimizi davam etdirəcəyik.
Ərdoğan həmçinin “dərin dostluq əlaqələri” olan Macarıstana səfərindən məmnun olduğunu bildirib və sammitin müşahidəçi ölkədə keçirilən ilk tədbir kimi əhəmiyyətini vurğulayıb. Bu addımın Macarıstana verilən əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.