ABŞ prezidenti Co Bayden və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində görüşə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir: “NATO sammitində Bayden-Ərdoğan görüşü müzakirə olunur.
Agentliyin məlumatına görə, hazırda ABŞ və Türkiyə liderləri arasında qısamüddətli danışıqların təşkili istiqamətində iş aparılır.
ABŞ rəsmisinin sözlərinə görə, prezidentlərin “gecikmiş” görüşü mümkündür, lakin hələ təşkil olunmayıb.
Məqalədə bildirilir ki, Bayden və Ərdoğan görüş zamanı İsveçin Şimali Atlantika Alyansına daxil olması məsələsini müzakirə edəcəklər, Türkiyə isə öz növbəsində bunu dəstəkləmir.
İyun ayında Türkiyənin “Milliyet” qəzeti mənbələrə istinadən yazıb ki, Türkiyə və ABŞ prezidentləri NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində danışıqlar apara bilərlər.