“Son günlər müşahidə olunan situasiya və Qərbin riyakar davranışları göstərir ki, əslində son 30 ildə Azərbaycanın yaratdığı yeni reallıq istisna olmaqla, dəyişən heç nə yoxdur. Ermənistan təcavüzkar niyyətindən əl çəkməyib, Qərb isə regionda sülh və sabitlik istəmir və 30 il etdiyi kimi, münaqişəli vəziyyətin davamlılığında maraqlıdır. Aydındır ki, Azərbaycanın müharibədə qələbəsi və cənab İlham Əliyevin qətiyyəti ilə formalaşan postmüharibə reallığı regionumuzu heç vaxt olmadığı qədər sülhə yaxınlaşdırıb.” – bu fikirləri Vətəninfo.az açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, lakin Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında humanitar fəlakət şousu göstərir ki, İrəvan reallıqla barışmayıb, Qərb isə bu vəziyyətə xaç yürüşü başlamaq üçün fürsət kimi baxır.
“Son günlər Qərb mediasında, 3-cü sektorda və muzdlu siyasi dairələrdə başlanan anti-Azərbaycan kampaniyası, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarını görməzdən gəlmə cəhdləri bunu bir daha sübut edir. Qərb 30 il işğal və təcavüzə birbaşa və dolayı dəstək verdiyi kimi bu gün də regionda sülh və birgəyaşayışa hər vəchlə maneə olmaqdadır. Təsadüfi deyil ki, məhz başlanan anti-Azərbaycan kampaniyasından sonra qısa müddət öncəyə qədər ümidlərini itirib təslimçi ruhda olan separatçılarda “özgüvən” yaranıb, qorxudan çıxışların rabitəsini itirmiş separatçı Araik Arutyunyan artıq Azərbaycan əleyhinə bəyanatlar verməyə başlayıb. Hətta Ermənistan hakimiyyətinin fitvası ilə Qarabağın erməni icmasının nümayəndələri onlar üçün tarixi şans olan və Yevlaxda nəzərdə tutulan görüşdən imtina etdi. Lakin sirr deyil ki, heç bir kampaniya əbədi davam edə bilməz və Azərbaycana “beynəlxalq təzyiq” də tədricən “effektini” itirdikcə səlibçilərin əsl niyyəti də ifşa olunmaqdadır. Araik Arutyunyanın minnətdarlıqla istinad etdiyi beynəlxalq təxribatlar, BMT-nin bir qrup ekspertinin, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okamponun hesabatının kağız parçasından başqa bir şey olmadığı reallığı tədricən aydınlaşmaqdadır. Belə olan halda Qarabağ erməniləri bir daha düşünməli və cənab İlham Əliyevin ötən il, Zəfər Günü Şuşadan verdiyi bəyanatı unutmamalıdır ki, “heç kim gəlib onların yerinə döyüşməyəcək”, nə fərari Ermənistan, nə də regionda təsir gücü yalnız bəyanatlarla məhdudlaşan Qərb dairələri”.- Arzuman Muradlı bildirib.