Ermənistan hökuməti ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyaların ölkəyə və Ermənistan-İran iqtisadi əlaqələrinə mümkün təsirini təhlil edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib. O bildirib ki, müvafiq sənəd hazırda hökumət tərəfindən nəzərdən keçirilir.
“Başlıq bir şeydir, məzmun isə başqa. Sənəd kifayət qədər uzundur və biz hazırda onu təhlil edirik. Nəticədə bəzi məsələlərin ümumiyyətlə müzakirəsinə ehtiyac qalmaya bilər”, – Paşinyan deyib.
Baş nazir qeyd edib ki, Ermənistan daha əvvəl Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda da müəyyən təcrübə əldə edib. Onun sözlərinə görə, həmin dövrdə İrəvan həm Rusiya, həm də Avrasiya İqtisadi İttifaqı ilə ticarət əlaqələrini sanksiya risklərini nəzərə alaraq davam etdirməyə çalışıb.
Paşinyan ABŞ ilə İran arasında yaranmış vəziyyətin Ermənistan üçün narahatlıq doğurduğunu da vurğulayıb. Ermənistanın hər iki ölkə ilə sıx əlaqələrinin olması səbəbindən İrəvan Vaşinqtonun yeni sanksiyalarının mümkün iqtisadi və ticarət nəticələrini diqqətlə qiymətləndirir.


























