Ermənistan parlamenti ABŞ Prezidenti Donald Trampın adı ilə bağlı TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsinin həyata keçirilməsi istiqamətində növbəti addım atıb.
Vətəninfo.az xəbər verir ki, Parlamentin növbədənkənar iclasında TRIPP layihəsini həyata keçirəcək “TRIPP Development Company” şirkətinin yaradılması üçün hüquqi əsasları nəzərdə tutan yeddi qanun layihəsindən ibarət paket birinci oxunuşda qəbul edilib.
Səsvermədə 64 deputat qanun layihələrinin lehinə səs verib, əleyhinə səs verən olmayıb. Müxalifət deputatları isə müzakirələrdə iştirak etməyərək iclası boykot ediblər.
Daha sonra qanunvericilik dəyişiklikləri ikinci və son oxunuşda da qəbul edilib.
Təklif olunan dəyişikliklər təsdiqlənmiş beynəlxalq müqavilələr əsasında yaradılan şirkətlər üçün xüsusi hüquqi mexanizmin tətbiqini nəzərdə tutur. Həmin mexanizmə əsasən, Ermənistan dövlətinin bu şirkətlərin kapitalında iştirak payı ən azı 25 faiz olmalıdır.
Qeyd edək ki, Ermənistan hökuməti daha əvvəl “TRIPP Development Company” şirkətinin yaradılması prosesinə Ermənistanla ABŞ arasında müvafiq çərçivə sazişi təsdiqləndikdən sonra başlanacağını bildirmişdi.


























