image-4af150b9-126c-42d1-bdd7-2b0af495cd8cbackend

Ermənistanda iqtisadi inkişaf və onun demoqrafik vəziyyətə təsiri

image-reklam_sirab_01

Giriş

Ermənistan 90-cı illərin əvvələrində müstəqillik əldə etdikdən sonra azad iqtisadi siyasət yürütməyə başlamışdır. Müstəqilliyinin ilk illərində Ermənistan Sovet dövründə mövcud olmuş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid etməyə başlamışdır. Bu keçid iqtisadiyyatın liberallaşmasına yol açmaqla əhalinin müxtəlif məhsul və xidmətlərə əlçatanlığını artırmış və əhalinin yığımlarının formalaşmasına imkan yaratmışdır. Eyni zamanda yeni sistemdə sahibkarlıq fəaliyyəti imkanları əasaslı şəkildə artmış və yeni sahibkarlar ortaya çıxmışdır. Bazar iqtisadiyyatına keçid, qeyd edilən üstünlükləri yaratsa da bu dövrdə  Ermənistan post-sovet ölkələrinin əksəriyyətinə xas olan iqtisadi problemlər ilə qarşılaşmışdır. Bu dövrdə istehsal imkanları zəifləmiş, özəlləşdirmə prosesinin başlaması bir çox müəsisələrin fəaliyyətində fasilələrin yaranmasına yol açımış, ölkədə mövcud olan siyasi böhran iqtisadiyyatın inkişafına mane olmuş, xarici ölkələr ilə iqtisadi əlaqələr qurmaq və yerli məhsulların xarici bazarlara çıxarılması ilə bağlı ciddi maneələr formalaşmışdır. Bundan başqa, o dövrdə Ermənistan hökumətinin işğalçılıq siyasəti yürüdərək Azərbaycanla müharibə etməsi də iqtisadi inkişaf imkanlarını məhdudlaşdırmış və Ermənistanın xarici investorlar üçün cəlbediciliyini azaltmışdır. Qeyd edilən problemlərin təsiri ilə 1993-cü ildə Ermənistanda Ümumi Daxili Məhsul (ÜDM) 1991-ci il ilə müqayisədə 47% azalmışdır. Bu isə işsizliyin və yoxsulluğun kəskin artmasına səbəb olmuşdur. Ermənistanda yoxsul əhalinin payı 1988-ci ildəki 20% səviyyəsindən 1996-cı ildə 55% səviyyəsinə qədər artmışdır. 1996-ci ildən sonra Ermənistanda iqtisadi vəziyyət sabitləşsə də, 1999-cu ilə qədər inflyasiya səviyyəsi 175%-dən 1%-ə qədər azalsa da zəruri islahatların aparılmaması sürətli artım üçün imkan yaratmamışdır. 2000-ci ildən hal-hazıradək Ermənistanda iqtisadi vəziyyət 90-cı illər ilə müqayisədə yaxşılaşsa da yoxsulluq, yüksək ticarət kəsri, yüksək dövlət borcu kimi problemlər hələ də  əsas problemlər kimi qalmaqda davam edir. Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti nəticəsində iqtisadi blokadaya düşməsi də onun iqtisadi inkişaf imkanlarını məhdudlaşdırmışdır.

Ermənistanda müstəqillik əldə edildikdən sonra müşahidə edilən iqtisadi problemlər ölkənin demoqrafiyasına da əsaslı şəkidlə təsir etmişdir. Yoxsulluq və işsizlik kimi problemlərin mövcudluğu əhalinin artımını zəiflətmiş və əhali sayının azalmasına səbəb olmuşdur. Eyni zamanda mövcud olan iqtisadi problemlərdən qaçmaq üçün əhalinin emiqrasiyasının sürətlənməsi də əhalinin sayını azaltmaqla demoqrafik geriləməni sürətləndirmişdir. Bu məqalənin əsas məqsədi də son on ildə Ermənistanın iqtisadi inkişaf səviyyəsini, bu inkişafın əsas xüsusiyyətlərini təhlil etmək və bunun Ermənistandakı demoqrafik vəziyyətə necə təsir etdiyini müəyyən etməkdir. Bu məqsədlə də son on ildə Ermənistanda ÜDM-in səviyyəsi, onun artım dinamikası, əhalinin sayının dinamikası və əhalinin müxtəlif kateqoriyalar üzrə strukturu nəzərdən keçirilir.

İqtisadi inkişaf   

Ermənistanda iqtisadi inkişafın əsas göstəricisi olan ÜDM səviyyəsi son on ildə sabit dəyişməmiş, bəzi illərdə yüksəlmiş və bəzi illərdə isə azalmışdır. 2011-2014-cü illərdə ÜDM səviyyəsi ABŞ dolları (bundan sonra dollar) ifadəsində 14.5% artaraq 10.14 milyard dollardan 11.61 milyard dollara qədər yüksəlmişdir (Qrafik 1). 2015 və 2016-cı illərdə isə ÜDM səviyyəsi azalmış və 2016-ci ildə 10.57 milyard dollara bərabər olmuşdur. Növbəti üç ildə ÜDM səviyyəsi daha sürətlə, yəni 28.8% artmışdır. Nəticədə, 2019-cu ildə ÜDM 13.62 milyard dollar səviyyəsinə çatmışdır (Qrafik 1). Bu həmin ildə Ermənistan tarixində ÜDM-in rekord səviyyəsi olmuşdur. Bundan sonra, 2020-ci ildə ÜDM səviyyəsində əsaslı azalma müşahidə edilmişdir. İstər pandemiyanın iqtisadiyyata ciddi təsir etməsi, istərsə də İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlub olaraq böyük itkilərlə qarşılaşması bu azalmanın formalaşmasına təsir edən əsas amillər olmuşdur. 2020-ci ildə ÜDM səviyyəsi dollar ifadəsində əvvəlki il ilə müqaqyisədə 980 milyon dollar azalmışdır (Qrafik 1). 2021-ci ildə isə ÜDM yenidən artaraq son on ilin ən yüksək səviyyəsinə, yəni 13.86 milyard dollara çatmışdır. Ümumilikdə, 2011 və 2021-ci illəri müqayisə etsək ÜDM səviyyəsi 3.72 milyard dollar artmışdır.

Baxılan dövrdə ÜDM-in artım tempinə nəzər saldıqda (milli valyuta ilə) isə görərik ki, ÜDM-in ən yüksək artım tempi 2017 və 2019-cu illərdə müşahidə edilmişdir ki, bu illərdə artım səviyyəsi müvafiq olaraq 7.5% və 7.6% olmuşdur.

 

Qrafik 1. Ermənistanın Ümumi Daxili Məhsulu və onun artım dinamikası

Mənbə: Ermənistan Respublikasının Statistika Komitəsi

Yüksək artım həm də 2012-ci ildə qeydə alınmışdır və həmin il ÜDM-in həcmi 7.2% artmışdır. Daha sonrakı üç il ərzində ÜDM-in artım tempi 3% ətrafında dəyişmişdir. Ən aşağı artım tempi isə 2020-ci ildə müşahidə edilmişdir ki, nəticədə həmin il ÜDM 7.2% azalmışdır. Bu da son on ildə ən yüksək azalma kimi tarixə düşmüşdür. 2021-ci ildə isə iqtisadi vəziyyət əvvəlki il ilə müqayisədə yaxşılaşdığından iqtisadi artım 5.7%-ə qədər yüksəlmişdir. Ümumilikdə isə son on ildə Ermənistanda orta illik iqtisadi artım tempi 3.7% səviyyəsində olmuşdur.

Ermənistanda ÜDM-in səviyyəsi və artım tempi ilə bağlı qeyd etdiyimiz göstəricilər onu deməyə əsas verir ki, son on ildə Ermənistanda orta iqtisadi artım hər zaman müsbət olsa da müxtəlif illərdə ÜDM-in artım tempi göstəriciləri bir-birindən əsaslı şəkildə fərqlənmişdir. ÜDM-in artımının zəiflədiyi illərə fikir verdikdə aydın olur ki, dünya iqtisadiyyatında baş verən neqativ proseslər Ermənistan iqtisadiyyatına da mənfi təsir etmişdir. Xüsusilə də İkinci Qarabağ Müharibəsi Ermənistanın iqtisadi inkişafına ciddi təsir etmiş və 90-cı illərin böhranlı dövrlərində müşahidə edilən səviyyədə azalma qeydə alınmışdır.

Ölkədə iqtisadi artım tempinin səmərəliliyini müəyyən etmək üçün adambaşına düşən ÜDM göstəricisindən də istifadə edilir. Son on ildə Ermənistanın adambaşına düşən ÜDM göstəricisinə dollar ifadəsində nəzər saldıqda məlum olur ki, 2015 və 2020-ci illəri çıxmaq şərtilə qalan illərdə adambaşına düşən ÜDM-in həcmi artmışdır. Əgər 2011-ci ildə bu göstərici 3102 dollar səviyyəsində idisə 2014-cü ildə 3852 dollar səviyyəsiə qədər artmışdır (Qrafik 2). 2015-ci ildə isə 9.7% azalaraq 3512 dollar səviyyəsinə düşmüşdür. 2015-2019-cu illərdə adambaşına düşən ÜDM-in səviyyəsi dollar ifadəsində əvvəlki illər ilə müqayisədə daha çox artmış (30.1%) və 4597 dollar səviyyəsinə çatmışdır. Sonrakı illərdə də əsasən bu göstərici artmışdır. Yalnız, 2020-ci ildə pandemiya və İkinci Qarabağ Müharibəsinin təsiri ilə yaşanan iqtisadi böhran və geriləmə adambaşına düşən ÜDM-in azalmasına səbəb olmuşdur.  Belə ki, 2020-ci ildə bu göstərici 4269 dollar səviyyəsinə düşmüşdür (Qrafik 2). 2021-ci ildə isə yenidən artaraq son on ilin ən yüksək həddinə, 4679 dollara çatmışdır.

Qrafik 2. Ermənistanda adambaşına düşən ÜDM və onun artım dinamikası

Mənbə: Ermənistan Respublikasının Statistika Komitəsi

Ermənistan Respublikasının Statistika Komitəsinin adambaşına düşən ÜDM-in artım dinamikası ilə bağlı dərc etdiyi məlumatlara əsasən milli valyuta ilə ifadədəd bu göstəricinin ən yüksək həddi 2017-ci ildə qeydə alınmışdır və 8% səviyyəsində olmuşdur. Bu göstəricinin yüksək səviyyəsinin qeydə alındığı digər illərə 2012-ci il (6.9%), 2018 (5.6%), 2019 (7.9%) və 2021 (5.7%) illər aid olmuşdur. Son on ildə yalnız 2020-ci ildə adam başına düşən ÜDM mənfi artıma malik olmuşdur (-7.1%). Qalan illərin hər birində müsbət artım dinamikası qeydə alınmışdır. Artım dinamikasının ən aşağı səviyyəsi isə 2016-cı ildə qeydə alınmışdır və 0.6% səviyyəsində olmuşdur.

Apardığımız təhlillər onu gösətrir ki, son on ildə Ermənistanda adambaşına düşən ÜDM göstəricisi əsasən artıma meylli olmuşdur və onun orta illik artım tempi 3.9% səviyyəsində olmuşdur. 2011 və 2021-ci illəri müqayisə etsək görərik ki, bu göstərici 3102 dollardan 4679 dollara qədər artmışdır. Yəni son on ildə adambaşına düşən ÜDM-in səviyyəsi 50%-dən çox artmışdır. Lakin, bu göstəricinin ölkədəki real iqtisadi artımı və əhalinin maddi vəziyyətini nə dərəcədə dügün ifadə etdiyini anlamaq üçün demoqrafik göstəriciləri də nəzərdən keçirmək lazımdır. Ona görə ki, bu göstərici əhalinin sayı əsasında hesablanır. Məqalənin növbəti hissəsində bu suala cavab vermək üçün müvafiq təhlillər aparılacaqdır.

Demoqrafik vəziyyət və əhalinin strukturu

Ermənistanda iqtisadi inkişafın demoqrafiyaya təsirini müəyyən etmək üçün Ermənistan əhalisinin sayını, artımını, strukturunu və miqrasiya səviyyəsini nəzərdən keçirmək vacibdir. Ümumiyyətlə, 90-cı illərin əvvəlində müstəqillik əldə etdikdən sonra Ermənistan hər zaman demoqrafik problemlərlə üzbəüz qalmış və bu problemlərin həlli istiqamətində səmərəli addımlar ata bilməmişdir. Bunun nəticəsidir ki, son on ildə, əhalinin sayı əsasən azalmışdır. Əgər 2011-ci ildə Ermənistanda əhalinin sayı 3.274 milyon nəfər idisə bu göstərici 2021-ci ildə 2.961 milyon nəfərə qədər azalmışdır. Yəni, son on ildə əhalinin sayı 10% və ya 313 min nəfər azalmışdır (Cədvəl 1). Ermənistanın rəsmi statistikasına əsasən əhali yalnız 2011 və 2020-ci illərdə əvvəlki il ilə müqayisədə cox az sayda olsa da artmışdır. Bu illərdə əhalinin artımı müvafiq olaraq 0.36% və 0.12% təşkil etmişdir. 2020-ci ildə əhalinin sayının az da olsa artmasında pandemiya və müharibə ilə əlaqəli problemlər rol oynamışdır. Belə ki, pandemiyaya görə xarici ölkələrdə yaşayan ermənilərin öz ölkələrinə immiqrasiyasında aktivlik müşahidə edilmişdir. Yəni bu artım süni şəkildə baş vermişdir. Qalan illərdə isə əhalinin sayında azalma müşahidə edilmişdir. Ən böyük azalma isə 2012-ci ildə baş vermişdir ki, əvvəlki il ilə müqyaisədə əhalinin sayı 7.56% və ya 247.4 min nəfər azalmışdır (Cədvəl 1). Son on ildə əhalinin ən az azaldığı il isə 2021-ci il olmuşdur və əhalinin sayında 2020-ci il ilə müqayisədə 0.6% azalma qeydə alınmışdır. Ümumilikdə, son on ildə Ermənistan əhalisinin orta illik azalma tempi 0.85% təşkil etmişdir.

Cədvəl 1. Ermənistanın əhalisi və onun şəhər və regionlar üzrə payı

2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021
Əhali (min nəfər) 3274,3 3026,9 3017,1 3010,6 2998,6 2986,1 2972,7 2965,3 2959,7 2963,3 2961,4
Artım tempi (%) 0,36 -7,56 -0,32 -0,22 -0,40 -0,42 -0,45 -0,25 -0,19 0,12 -0,06
Şəhər (%) 64,0% 63,3% 63,4% 63,5% 63,6% 63,7% 63,8% 63,9% 63,9% 64,0% 63,9%
Regionlar (%) 36,0% 36,7% 36,6% 36,5% 36,4% 36,3% 36,2% 36,1% 36,1% 36,0% 36,1%

Mənbə: Ermənistan Respublikasının Statistika Komitəsi

Ermənistan əhalisinin şəhər və regionlar üzrə strukturuna baxdıqda məlum olur ki, son on ildə bu struktur böyük dəyişikliyə məruz qalmamışdır və az səviyyədə olsa da şəhər əhalisinin payı azalmışdır. Belə ki, əgər 2011-ci ildə əhalinin 64%-i şəhərdə yaşayırdısa, bu göstərici 2012-ci ildə 63.3%, 2015-ci ildə 63.6%, 2019 və 2021-ci illərdə isə 63.9% səviyyəsində olmuşdur (Cədvəl 1). Bu dəyişikliyin əhalinin ümumi sayının azalmasına paralel olaraq getməsi onu göstərir ki, əhalinin sayı ilə yanaşı Ermənistanda həm şəhər əhalisinin, həm də kənd əhalisinin sayı azalmışdır. Ermənistanda mövcud olan iqtisadi şərtlər daxilində əhalinin daha çox şəhərə miqrasiya etməsini və əhalinin azalmasının əsasən regionlarda müşahidə edilən azalmaya görə baş verməsini gözləmək olardı. Lakin, Ermənistanda bu proses baş verməmişdir.

Iqtisadi inkişafla demoqrafiya arasında əlaqənin müəyyənləşdirilməsi baxımından əhalinin tərkibində əmək qabiliyyətli və əmək qabiliyyətli dövrdən yuxarı yaşda olan, yəni yaşlı əhalinin payının müəyyənləşdirilməsi də vacibdir. Ona görə ki, ölkədə iqtisadi fəaliyyət məhz əmək qabiliyyətli əhali tərəfindən təmin edilir. Statistik rəqəmlər göstərir ki, son on ildə Ermənistanda əmək qabiliyyətli əhalinin əhalinin ümumi sayında payı azalmaya meylli olmuşdur. Əgər bu göstərici 2011-ci ildə 69.5% səviyyəsində idisə, 2021-ci ildə 63.1%-ə qədər azalmışdır (Qrafik 3). Nəzərdən keçirilən dövrdə Ermənistan əhalisinin azaldığını nəzərə alsaq o zaman aydın olur ki, əmək qabiliyyətli əhalinin payı azalmaqla yanaşı həm də ümumi sayı da ilbəil azalmışdır. Bu isə öz növbəsində əmək resurslarının və onların iqtisadi inkişafda rolunun azalması deməkdir.

Qrafik 3. Ermənistanda əmək qabiliyyətli əhalinin payı (faizlə)

Mənbə: Ermənistan Respublikasının Statistika Komitəsi

Ermənistanda əmək qabiliyyətli əhalinin azalmasında əhalinin tərkibində yaşlı əhalinin payının artması da böyük rol oynamışdır. Son on ildə Ermənistanda əhalinin strukturunda əmək qabiliyyətli əhalinin payının azalmasına paralel olaraq əmək qabiliyyətli yaşdan yuxarı yaşda olan əhalinin payı da artmışdır. Belə ki, Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən əmək qabiliyyətli yaşdan yuxarı yaşda olan əhalinin payı 2011-ci ildə 11.2% olduğu halda 2016-cı ildə 13.2%-ə, 2021-ci ildə isə 15.5%-ə qədər artmışdır (Qrafik 3). Bu isə onu deməyə əsas verir ki, Ermənistanda əhalinin sayı azalmaqla yanaşı əhalinin sürətlə yaşlanması prosesi də getməkdədir və bu əmək bazarının kiçilməsinə və iqtisadi inkişafda rolunun azalmasına səbəb olur. Yaşlı əhalinin payının artması həm də dövlətin sosial xərclərini artırmaqla büdcə yükünü yüksəldir.

Ermənistanda əhalinin və əmək qabiliyyətli əhalinin azalmasında emiqrasiyanın da böyük rolu olmuşdur. 90-cı illərdə əhalinin Ermənitsanı kütləvi şəkildə tərk etməsi prosesi sonrakı illərdə zəifləsə də davam etmişdir. Son on ildə əhalinin miqrasiyası saldosu ilə bağlı nəşr edilən statistik göstəricilər bunu bir daha sübut edir. Bu göstəricilərə əsasən son on ildə miqrasiya saldosu 2020-ci ildən başqa digər illərdə həmişə mənfi olmuşdur. Yəni ölkəni tərk edənlərin sayı ölkəyə gələnlərdən daha çox olmuşdur. Mənfi saldonun ən yüksək həddi isə 2013-2017-ci illərdə müşahidə edilmişdir və 21 min nəfərdən yüksək olmuşdur (Qrafik 4).

Qrafik 4. Əhalinin miqrasiyas saldosu

Mənbə: Ermənistan Respublikasının Statistika Komitəsi

Mənfi saldo 2013-cü ildə 24.44 min nəfər olduğu halda 2015-ci ildə daha da artaraq  25.79 min nəfərə çatmışdır. Miqrasiyanın mənfi saldosu sonrakı illərdə azalsa da yalnız 2020-ci ildə müsbət olmuşdur. Bu da həmin dövrdə pandemiya səbəbindən xaricdə yaşayan ermənilərin bir qisminin öz ölkələrinə geri dönməsi ilə bağlı olmuşdur. 2021-ci ildə isə miqrasiya balansı yenidən mənfi saldoya malik olmuşdur və mənfi 4.15 min nəfərə bərabər olmuşdur (Qrafik 4). Miqrasiyanın bu dinamikası onu göstərir ki, Ermənistan dövləti öz əhalisi üçün zəruri iqtisadi imkanlar və şərait yarada bilməmiş, yoxsulluq və işsizlik kimi problemləri həll edə bilməmiş və nəticədə son on ildə əhali ölkəni tərk etməyə meylli olmuşdur.

Nəticə

Aparılan təhlillər onu göstərir ki, son on ildə Ermənistanda orta iqtisadi artım hər zaman müsbət olsa da müxtəlif illərdə ÜDM-in artım tempi göstəriciləri bir-birindən əsaslı şəkildə fərqlənmişdir. Xüsusilə də İkinci Qarabağ Müharibəsi Ermənistanın iqtisadi inkişafına ciddi təsir etmiş və 2020-ci ildə 90-cı illərin böhranlı dövrlərində müşahidə edilən səviyyədə azalma qeydə alınmışdır. Ümumilikdə, son on ildə orta illik artım tempi 3.7% təşkil etmişdir. ÜDM-in səviyyəsi ilə yanaşı son on ildə Ermənistanda adambaşına düşən ÜDM göstəricisi də əsasən artıma meylli olmuşdur və onun orta illik artım tempi 3.9% təşkil etmişdir. 2011 və 2021-ci illəri müqayisə etsək, bu göstərici 3102 dollardan 4679 dollara qədər artmışdır.

Son on ildə Ermənistanda ÜDM artsa da əhalinin sayı azalmışdır. Bu dövrdə əhalinin sayının orta illik azalma tempi 0.85% təşkil etmişdir. Nəticədə, 2011-2021-ci illərdə əhalinin sayı 3.27 milyondan 2.96 milyona qədər azalmışdır. Ermənistan əhalisinin şəhər və regionlar üzrə strukturunun təhlili isə onu göstərir ki, son on ildə bu struktur böyük dəyişikliyə məruz qalmamış və az səviyyədə olsa da şəhər əhalisinin payı azalmışdır. Ona görə də, Ermənistanda əhalinin ümumi sayı ilə yanaşı həm şəhər əhalisinin, həm də kənd əhalisinin sayı azalmışdır.

Ermənistanda iqtisadiyyatla demoqrafik vəziyyət arasında əlaqə baxımından  diqqət çəkən əsas məqamlardan biri əhali arasında əmək qabiliyyətli əhalinin payının azalmasıdır.  Son on ildə Ermənistan əhalisinin azaldığını nəzərə alsaq o zaman aydın olur ki, əmək qabiliyyətli əhalinin payı azalmaqla yanaşı həm də ümumi sayı da ilbəil azalmışdır. Ermənistanda əmək qabiliyyətli əhalinin sayının azalması ilə yanaşı yaşlı əhalinin payı da artmışdır. Son on ildə əmək qabiliyyətli dövrdən yuxarı yaşda olan əhali 93 min nəfərdən çox artmışdır və 2021-ci ildə əhalinin 15.5%-ni təşkil etmişdir.

Ermənistanda əhalinin sayının, xüsusilə də əmək qabiliyyətli əhalinin sayının azalmasında emiqrasiya da böyük rol oynamışdır. Aparılan təhlillər göstərir ki,  son on ildə Ermənistanda miqrasiya saldosu 2020-ci ildən başqa digər illərdə həmişə mənfi olmuşdur. Yəni ölkəni tərk edənlərin sayı ölkəyə gələnlərdən daha çox olmuşdur. Bu isə onu göstərir ki, Ermənistanda hökumətlər son otuz ildə emiqrasiya problemini həll edə bilməmişdir.

Ermənistanda son on ildə iqtisadi artım təmin edilsə də və adambaşına düşən ÜDM göstəricisi artsa da demoqrafiya ilə bağlı vəziyyət bu iqtisadi artımın əhalinin həyatında özünü tam şəkildə göstərmədiyini deməyə əsas verir. Bunun əsas göstəricilərindən biri əhalinin sayının ilbəil azalması və bu prosesdə emiqrasiyanın rolunun böyük olmasıdır. Həm əhalinin sayının azalması, həm də miqrasiyanın mənfi balansa malik olması bunu bir daha sübut edir. Əgər Ermənistanda iqtisadi inkişaf səmərəli olsaydı bu prosesə əks prosesin şahidi olardıq. Digər tərəfdən iqtisadi artımın səmərəli olmadığını şəhər əhalisinin sayının azalması göstərir. Ona görə ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi inkişaf sürətləndikcə urbanizasiya prosesi də sürətlənir və nəticədə şəhər əhalisinin sayı və əhali arasında payı artır. Lakin, apardığımız təhlillər Ermənistanda buna əks prosesin getdiyini göstərir.

Digər tərəfdən isə məqalədə baxılan dövrdə  Ermənistanda əmək qabiliyyətli əhalinin payı və sayı da azalmışdır. Bu prosesdə isə emiqrasiyanın böyük rolu olmuşdur. Ona görə ki, çox sayda əmək qabiliyyətli erməni vətəndaşı iqtisadi imkanlar məhdud olduğundan işləmək üçün digər ölkələrə, ən çox da Rusiyaya miqrasiya etmişdir.

Qeyd edilən faktorlar onu deməyə əsas verir ki, Ermənistanda iqtisadi problemlərin mövcudluğu ölkədəki demoqrafik vəziyyətə birbaşa təsir etmiş və əhalinin sürətlə azalmasına yol açmışdır. Baxılan dövrdə Ermənistan dövləti öz əhalisi üçün zəruri iqtisadi imkanlar və şərait yarada bilməmiş, yoxsulluq və işsizlik kimi problemləri həll edə bilməmiş və nəticədə son on ildə əhali ölkəni tərk etməyə meylli olmuşdur.  2000-ci ildən hal-hazıradək Ermənistanda iqtisadi vəziyyət 90-cı illər ilə müqayisədə yaxşılaşsa da yoxsulluq, yüksək ticarət kəsri, yüksək dövlət borcu kimi problemlər hələ də  əsas problemlər kimi qalmaqda davam edir. Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti nəticəsində iqtisadi blokadaya düşməsi də onun iqtisadi inkişaf imkanlarını məhdudlaşdırmışdır. Bütün bunlar isə ölkənin demoqrafiyasına birbaşa təsir etmişdir.

Xülasə

Məqalədə ilk olaraq Ermənistanda son on ildə ÜDM-in səviyyəsi və artım dinamikası nəzərdən keçirilir. Daha sonra iqtisadi artımda əhalinin payının müəyyən edilməsi üçün adambaşına düşən ÜDM-in nəzərdən keçirilən dövrdə həcmi və artım dinamikası diqqətə çatdırılır. Məqalənin ikinci hissəsində isə son on ildə Ermənisandakı demoqrafik vəziyyət və əhalinin strukturu nəzərdən keçirilir. Bu hissədə əhalinin sayı, artım dinamikası, şəhər əhalisinin payı, əmək qabiliyyətli əhalinin payı və miqrasiya səviyyəsi təhlil edilir. Bunların əsasında isə sonda Ermənistanda iqtisadi inkişafın demoqrafiyaya necə təsir etdiyi müəyyən edilir.

Açar sözlər:  Ermənistanda iqtisadi inkişaf, Ermənistanda adambaşına düşən ÜDM, Ermənistanın əhalisi, Ermənistanda miqrasiya, Ermənistanda əmək qabiliyyətli əhali

Ədəbiyyat siyahısı

  1. Beynəlxalq Valyuta Fondu, Ermənistanda İqtisadi Keçid (ingiliscə) https://www.imf.org/en/News/Articles/2015/09/28/04/53/sp073101
  2. Dünya Bankı, Ermənistanın əhalisi, https://data.worldbank.org/indicator/SP.POP.TOTL?locations=AM
  3. Ermənistan Respublikasının Statsitika Komitəsi, İllik Məcmuələr, Milli hesablar sistemi 2022, https://armstat.am/file/doc/99533293.pdf
  4. Ermənistan Respublikasının Statsitika Komitəsi, İllik Məcmuələr, Milli hesablar sistemi 2018, https://armstat.am/file/doc/99510948.pdf
  5. Ermənistan Respublikasının Statsitika Komitəsi, İllik Məcmuələr, Milli hesablar sistemi illər üzrə 2014, https://armstat.am/file/doc/99489223.pdf
  6. Ermənistan Respublikasının Statsitika Komitəsi, İllik Məcmuələr, Əhali 2022, https://armstat.am/file/doc/99533248.pdf
  7. Ermənistan Respublikasının Statsitika Komitəsi, İllik Məcmuələr, Əhali 2017, https://armstat.am/file/doc/99504343.pdf
  8. Ermənistan Respublikasının Statsitika Komitəsi, İllik Məcmuələr, Əhali 2012, https://armstat.am/file/doc/99471433.pdf

Səftər Vəlizadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image