Estoniya Rusiya ilə sərhədə daha yaxın ərazilərə hərbi qüvvələr yerləşdirir və uzaqmənzilli zərbə imkanlarını genişləndirir.
Vətəninfo.az xəbər verir ki, “Financial Times”ın Estoniya rəsmilərinə istinadən yaydığı məlumata görə, Tallin “aktiv müdafiə” strategiyasına keçid çərçivəsində əsas hərbi birləşmələrindən birini ölkənin şərqinə, Rusiya sərhədinə daha yaxın əraziyə köçürür.
Məlumata görə, Estoniyanın əsas döyüş birləşməsi olan 1-ci briqada Tapa şəhərindən Rusiya sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Yohviyə (Jõhvi) daimi yerləşdiriləcək. Hərbçilər üçün burada yeni infrastruktur da yaradılır.
Estoniya eyni zamanda Rusiya ərazisinin dərinliklərində yerləşən hədəfləri vurmaq imkanına malik silahlar əldə edir. Ölkə ABŞ istehsalı HIMARS və Cənubi Koreyanın Chunmoo raket sistemlərini alır.
Qəzetin məlumatına görə, Estoniya hərbi və kəşfiyyat rəhbərliyi yaxın iki il ərzində Rusiyanın NATO ilə genişmiqyaslı müharibəyə başlamaq niyyətində olduğunu düşünmür. Bununla belə, Tallində Rusiyanın gələcəkdə Estoniyaya qarşı mümkün hərbi əməliyyata hazırlaşdığı qənaəti var.
Estoniya rəsmiləri xüsusilə Rusiyanın NATO-nun kollektiv müdafiə mexanizmini sınaqdan keçirmək məqsədilə məhdudmiqyaslı sərhəd insidenti və ya hərbi müdaxilə edə biləcəyindən narahatdırlar. Bu səbəbdən ölkənin müdafiə strategiyasında dəyişiklik edilir.
Estoniya Müdafiə Nazirliyi hesab edir ki, etibarlı çəkindirmə üçün mümkün təcavüzün qarşısını əvvəlcədən almaq və ölkə ərazisinin müdafiəsini sərhəddən başlamaq lazımdır.
Beləliklə, Estoniya son illərdə Rusiyadan gələn mümkün təhlükələr fonunda həm qoşunlarının dislokasiyasını dəyişir, həm də uzaqmənzilli silah imkanlarını artırır. Bu addımlar Baltikyanı regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyi bir dövrdə atılır.


























