image-reklam-veteninfo
image-resizebackend

Eviniz yansa da, pul ala bilməyəcəksiniz! – XƏBƏRDARLIQ

image-reklam-veteninfo

Azərbaycanda evlərini könüllü şəkildə sığortaladanlar az olsa da, var. Evi sığortalatmaqla hər cür riskdən qorunduğunu düşünənlər hadisə baş verəndə gözləmədikləri vəziyyətlə üzləşə bilərlər. Yanğın, su basması və ya zəlzələ nəticəsində evə zərər dəysə belə, sığorta şirkəti bəzi hallarda ödəniş etməkdən imtina edə bilər.

Bəs illərlə zəhmət çəkib aldığı evi sığortaladan vətəndaş hansı hallarda sığorta pulunu ala bilməz?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan sığorta eksperti Vüsal Bədəlov bildirib ki, könüllü əmlak sığortası zamanı əsas şərtlərdən biri müqavilənin müddəaları ilə diqqətlə tanış olmaqdır:

“Əmlakın könüllü sığortası az da olsa mövcuddur. Könüllü sığorta növü olduğu üçün əmlak sığortası ilə bağlı məsələlər, ilk növbədə, sığorta müqaviləsinin şərtlərinə uyğun tənzimlənir. Buna görə də vətəndaşlar müqavilədə gələcəkdə baş verə biləcək sığorta hadisələri və sığorta şirkətinin ödənişdən imtina edə biləcəyi hallar barədə qeyd olunan şərtləri diqqətlə oxumalıdırlar.

İlk növbədə qeyd edim ki, hər hansı nasaz cihaz, işıqlandırma avadanlığı və ya digər məişət avadanlığı ilə bağlı problem yaranarsa, həmin nasazlıq aradan qaldırılmalıdır. Məsələn, gələcəkdə bu nasazlıq nəticəsində yanğın baş verərsə və müvafiq qurumun rəyi yanğının məhz həmin avadanlıqdakı nasazlıq səbəbindən yarandığını təsdiqləyərsə, sığorta şirkəti ödənişdən imtina edə bilər”.

Ekspert bildirib ki, ev sahibi zərərin qarşısını almaq üçün tədbir görməzsə və ya zərər qəsdən törədilərsə, sığorta şirkəti pul ödəməkdən imtina edə bilər:

“Bundan əlavə, sığortalı şəxs əmlaka dəyən zərərin qarşısını almaq və ya dəymiş zərərin həcmini azaltmaq üçün zəruri tədbirləri görməzsə, bu da sığorta ödənişindən imtina üçün əsas ola bilər. Eyni zamanda, zərərin qəsdən törədildiyi hallar da sığorta ödənişindən imtinaya səbəb ola bilər.

Ümumiyyətlə, tövsiyəm budur ki, vətəndaşlar sığorta müqaviləsini, hətta xırda hərflərlə yazılmış şərtləri belə, diqqətlə oxusunlar və müqaviləni imzalamazdan əvvəl bütün müddəalarla tanış olsunlar.

Bir məqamı da qeyd edim ki, könüllü əmlak sığortası zamanı daşınmaz əmlakın dəyəri, sığortalanan sahə və daşınar əmlakın dəyəri müqavilədə düzgün göstərilməlidir. Bu məlumatların dəqiq qeyd olunması gələcəkdə sığorta hadisəsi baş verdikdə dəymiş zərərin müqavilə şərtlərinə uyğun şəkildə ödənilməsi baxımından vacibdir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki