“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Vətəninfo.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, iki il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun iki il altı ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.