1 dekabr 2024-cü il tarixində “Feniks Sağlam Həyat Təbliği” İctimai Birliyi Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə İİV-in profilaktikasına və inyeksion narkotik istifadəçiləri arasında zərərin azaldılmasına həsr olunmuş tədbir keçirib.
Tədbirdə İİV epidemiyasının qarşısının alınmasında icma əsaslı xidmətlərin, autriç fəaliyyətinin və risk qrupları ilə etimada əsaslanan işin əhəmiyyəti vurğulanıb. İştirakçılara İİV-in ötürülmə yolları, könüllü və məxfi testləndirmə, erkən diaqnostika, antiretrovirus müalicə və digər profilaktik xidmətlər barədə məlumat verilib.
Görüş zamanı inyeksion narkotik istifadəçiləri arasında həyata keçirilən zərərin azaldılması tədbirləri xüsusi diqqət mərkəzində olub. Steril şpris və digər qoruyucu vasitələrin əlçatanlığı, istifadə edilmiş şprislərin təhlükəsiz toplanması, İİV, hepatitlər və vərəm üzrə testləndirməyə yönləndirmə, psixoloji və sosial məsləhətlər, eləcə də opioid əvəzedici müalicə proqramlarına çıxışın genişləndirilməsinin vacibliyi qeyd edilib.
“Feniks Sağlam Həyat Təbliği” İctimai Birliyinin sədri Azər Məmədov bildirib ki, zərərin azaldılması insan sağlamlığının və həyatının qorunmasına yönəlmiş, elmi sübutlara əsaslanan yanaşmadır. O vurğulayıb ki, narkotik istifadə edən şəxslərin damğalanması onların tibbi və sosial xidmətlərdən uzaqlaşmasına səbəb olur, İİV-in erkən aşkarlanması və müalicəsinə maneə yaradır.
Tədbir çərçivəsində İİV-lə yaşayan insanlara və inyeksion narkotik istifadəçilərinə qarşı stiqma və ayrı-seçkiliyin mənfi nəticələri müzakirə edilib. İştirakçılar hər bir şəxsin ayrı-seçkilik olmadan keyfiyyətli tibbi, sosial və hüquqi xidmətlərə çıxış hüququna malik olduğunu vurğulayıblar.
“Feniks Sağlam Həyat Təbliği” İctimai Birliyi dövlət qurumlarını, vətəndaş cəmiyyəti təşkilatlarını, səhiyyə mütəxəssislərini və icma nümayəndələrini İİV-in profilaktikası, zərərin azaldılması xidmətlərinin davamlılığı və stiqmanın aradan qaldırılması istiqamətində əməkdaşlığı gücləndirməyə çağırır.
Zərərin azaldılması həyatları qoruyur. Stiqmaya yox, sağlamlığa, dəstəyə və həmrəyliyə hə!


























