Bakı şəhərində “Fərdi məlumatların mühafizəsi üzrə maarifləndirmə” adlı ilk təlim 25 avqust 2025-ci il tarixində keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən təşkil olunub.
Təlimdə çıxış edən layihə rəhbəri Samir Həsənov, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu xatırladıb. O, şəhidlərin xatirəsini yad etmək üçün tədbir iştirakçılarını bir dəqiqəlik sükuta dəvət edib. Layihə rəhbəri həmçinin layihəyə verdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib və informasiya təhlükəsizliyinin vacibliyini vurğulayıb:
“Biz internet dövründə yaşayırıq və hər birimiz kiberdələduzluq riskləri ilə üzləşirik. Təhlükəsizlik qaydalarına əməl etmək və maarifləndirici tədbirlər bu risklərin qarşısını almaqda mühüm rol oynayır,” – deyə Samir Həsənov qeyd edib. Daha sonra təqdimat üçün söz layihənin eksperti Yusif Süleymanlıya verilib.
Yusif Süleymanlı təqdimatında kiberdələduzluq halları və onlarla mübarizə üsullarından danışıb. O, iştirakçılara fərdi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik, güclü şifrələrin istifadəsi, iki faktorlu təsdiqləmə və həmçinin dipfeyk (deep fake news) kimi yeni təhlükələr barədə ətraflı məlumat verib.
Təlimdə iştirak edənlər öz təcrübələrini bölüşərək qarşılaşdıqları kiberdələduzluq və bank kartlarından oğurluq hallarından danışıblar. Ekspert onların suallarını cavablandırıb və mövcud müdafiə üsullarını izah edib.