Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Dunay çayı üzərindəki taxıl anbarlarına və limanlara təşkil etdiyi hücumlara görə narahat olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
BMT baş katibi Antonio Quterreşin Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı ümumi narahatlığına işarə edən Fərhan Haq deyib: “Biz taxıl və digər zəruri ərzaq məhsullarının saxlandığı obyektlərə edilən hücumlara görə narahatıq”.
Antonio Quterreşin daha əvvəl qlobal ərzaq qiymətlərinin artması ilə bağlı narahatlığını dilə gətirdiyini xatırladan Fərhan Haq bildirib ki, Rusiya pilotsuz uçuş təyyarələrinin Ukraynanın taxıl və digər ərzaq məhsullarının daşındığı Dunay çayını hədəf alması ciddi narahatlıq doğurur.