Dünyada 300 milyondan çox insanın humanitar yardıma ehtiyacı var…
Vətəninfo.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq BMT İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyasının açılışında etdiyi çıxışında bildirib.
Dünyanın ciddi qlobal çağırışlarla üz-üzə qaldığını qeyd edən Filemon Yanq insan haqları problemlərinin silahlı münaqişələr, iqlim dəyişikliyi, bərabərsizliklərin artması və yoxsulluğun dərinləşməsi kimi məsələlərlə bağlı olduğunu söyləyib.
“Ciddi pozuntular var. Bu pozuntuların dağıdıcı nəticələri mövcuddur. Hazırda 300 milyondan çox insanın humanitar yardıma ehtiyacı var”, – deyə Felimon Yanq qeyd edib.
Münaqişələrdən ən çox qadınların, uşaqların və azlıqların təsirləndiyini vurğulayan Filemon Yanq deyib: “Qəzza, Ukrayna, Sudan, Myanma, Haiti və Konqo Demokratik Respublikasında yaşanan humanitar böhran dözülməzdir. Bu haqsızlıqlara son qoyulmalıdır. Müharibənin belə qaydaları olmalıdır. Mülki insanlar heç vaxt hədəf olmamalıdır”.
Filemon Yanq Qəzzada çoxdan gözlənilən atəşkəs və əsir mübadiləsi razılaşmasının “ümid işığı” olduğunu ifadə edərək deyib: “Razılaşmanın tam yerinə yetirilməsi daimi atəşkəsi təmin edə bilər və humanitar yardımın fasiləsiz bölgəyə çatdırılmasına imkan verər. Yaxın Şərqdə ədalətli və davamlı sülh iki dövlətli həlldən asılıdır”.
Dialoqun əhəmiyyətinə diqqət çəkən Filemon Yanq qlobal sülh çağırışlarında daha qətiyyətli olmağın vacibliyini vurğulayıb.