Fransa Müdafiə Nazirliyi Türkiyənin son illərdə müdafiə sənayesi və silah ixracı sahəsində nəzərəçarpacaq irəliləyişlərə nail olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nazirliyin Fransa Parlamentinə təqdim etdiyi 2025-ci il silah ixracı hesabatında qeyd olunur ki, beynəlxalq silah bazarında rəqabət mühiti son illərdə xeyli dəyişib.
Hesabatda vurğulanır ki, ABŞ, Rusiya, Almaniya və Çin kimi ənənəvi silah ixracatçıları ilə yanaşı, Cənubi Koreya və Türkiyə kimi yeni oyunçular da qlobal silah bazarında getdikcə daha çox söz sahibi olurlar.
Sənəddə Türkiyənin son on ildə bu sahədə ən böyük irəliləyiş göstərən ölkələrdən biri olduğu diqqətə çatdırılıb:
“Türkiyə son on ildə qlobal silah ixracatçıları arasında ən təsirli irəliləyişlərdən bəzilərini əldə edib və hökumət müdafiə sənayesinin inkişafına böyük sərmayələr qoymaqda davam edir.”
Fransa Müdafiə Nazirliyinin hesabatına görə, Türkiyənin silah ixracı 2024-cü ildə əvvəlki illə müqayisədə 80 faiz artıb. Bu artım əsasən pilotsuz uçuş aparatları (PUA) ilə bağlı bağlanmış çoxsaylı beynəlxalq müqavilələr hesabına baş verib.
Hesabatda əlavə edilir ki, bu nəticələr Türkiyəni qlobal müdafiə sənayesində aparıcı aktorlardan birinə çevirib.


























