Fransada bu gün məktəb şagirdlərinin və onları dəstəkləyən şəxslərin iştirakı ilə ölkə miqyasında genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, aksiyaların təşkilatçıları təhsil sahəsində maliyyələşmənin artırılmasını və məktəblərdə şəraitin yaxşılaşdırılmasını tələb edən şagirdlərə dəstək məqsədilə ölkə üzrə etirazlara çağırış ediblər.
Etirazlar zamanı şagirdlər yüzlərlə təhsil müəssisəsinin fəaliyyətini bloklayıb. Qarşıdurmalar nəticəsində azı 190 şagirdin xəsarət aldığı, 5 mindən çox şəxsin isə saxlanıldığı bildirilir.
Yayılan məlumatlara görə, bazar ertəsi hüquq-mühafizə orqanları ilə etirazçılar arasında baş verən qarşıdurma zamanı şagirdlərdən biri əlini itirib. Ötən həftə isə başqa bir şagirdin başına gözyaşardıcı qaz qumbarası dəyib.
Fransanın Baş naziri hökumətin şagirdlərin tələblərinin həlli üçün lazımi tədbirləri açıqladığını bildirib.
Lakin etirazların əsas təşkilatçılarından olan “Syndicale Lycéenne” hökumətin konkret heç nə təklif etmədiyini açıqlayıb və ictimaiyyəti bu gün keçiriləcək aksiyalara qoşulmağa çağırıb.
Şagirdlərin tələblərinə digər təşkilatlar da dəstək ifadə edib. Müəllimlər həmkarlar ittifaqı öz üzvlərini çərşənbə axşamı planlaşdırılan etiraz aksiyalarında iştirak etməyə çağırıb.
BBC-nin son məlumatlarında Fransada məktəb etirazlarının davam etdiyi və etirazlar səbəbindən yüzlərlə məktəbin bağlandığı qeyd olunur.


























