Türkiyə hakimiyyəti yəhudi əsilli fransız müğənni Enriko Masiasın İstanbulda keçirilməsi planlaşdırılan konsertini qadağan edib.
Vətəninfo.az xəbər verir ki,İstanbul Valiliyi tərəfindən verilən açıqlamada bildirilir ki, 5 sentyabr axşamı şəhərdə baş tutmalı olan konsert, ictimaiyyətin bir hissəsi tərəfindən göstərilən kəskin etiraz çağırışları səbəbilə ləğv olunub.
Bununla yanaşı, valilik Şişli rayonunda yerləşən konsert məkanının ətrafında hər hansı etiraz aksiyasının keçirilməsinə də qadağa qoyub.
86 yaşlı müğənni AFP agentliyinə açıqlamasında bildirib ki, artıq 60 ildir Türkiyədə səhnəyə çıxır və bu qərardan “dərin şəkildə təəccübləndiyini və kədərləndiyini” ifadə edib:
“Mən hər zaman tamaşaçılarla sülh və qardaşlıq dəyərlərini bölüşmüşəm. Onları görə bilməyəcəyim üçün çox məyusam”, – deyə Enriko Masias vurğulayıb.