Rudəkinin Düşənbədə, Nizaminin Gəncə şəhərində ucalan əzəmətli abidələrinin, Bakının mərkəzində zamanın buxovlarına meydan oxuyan “Azad qadın” heykəlinin, İsgəndəri heyran qoyan Nüşabənin, Şirinin eşqi uğruna Fərhadın Bisutun dağını yardığı təkrarsız mənzərələrin müəllifi, ilk azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov bəşər sivilizasiyasının qədim mədəniyyət beşiyi Şəki torpağında dünyaya göz açıb. Şəki Azərbaycanın geosiyasi xəritəsində öz əsrarəngiz təbiəti ilə həmişə seçilib. Bu torpağın yetirdiyi şəxsiyyətlər də elə o yurdun özü böyüklükdə əzəmət abidəsi olublar. Bütün Avropaya “Azərbaycanın Volteri” kimi səs salan Mirzə Fətəli Axundzadə, kitabşünaslıq fəaliyyəti ilə Azərbaycanda məktəb yaradan Əbdülqəni Nuxəvi, Türk dünyasının İstiqlal şairi kimi ürəklərdə taxt quran Bəxtiyar Vahabzadə, bu gün milli düşüncəli mətbuat nümayəndələrinin hər birinin unudulmaz müəllimi kimi ehtiramla yad etdiyi professor Şirməmməd Hüseynov, “Ağ yapıncı” romanıyla tariximizi vərəq-vərəq yaddaşımıza köçürən yazıçı, görkəmli alim, tarix elmləri doktoru Mahmud İsmayılov, psixoanalitik fəlsəfi fikrin ideoloji əsaslarını yazan mütəfəkkir filosof Fərman İsmayılov, sənətiylə könüllərdə əbədiyaşarlıq qazanan Şəfiqə xanım Axundova, Emin Sabitoğlu bu torpağın suyundan içib pərvəriş tapıblar.
Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam ağaclar pöhrələyər. Cavanşir Feyziyev dahilər yetirən Şəki torpağının ən işıqlı barı-bəhrəsidir, elminin işığına minlərin aydınlandığı böyük ziyalı, kölgəsinə minlərin sığındığı köklü-köməcli Dədə Palıd ağacıdır…
Əsərləri dünyanı bəzəyən, xarüqələr yaradan qızıl əllərin sahibi Fuad Əbdürrəhmanov sağ olsaydı, bu gün insanların könül mülkündə Cavanşir Feyziyev adına sevgiylə, ehtiramla bina etdiyi, vicdanlı əməyi, halallığı həyat qayəsinə çevirən, bu saf mənəviyyata, yüksək əxlaqa, zəngin dünyagörüşə, ən nəcib insani keyfiyyətlərə sahib olan, sadəliyi və səmimiyyəti öz şəxsində bütövləşdirən, kamil, müdrik şəxsiyyətin Şəkinin mərkəzi meydanında heykəlini yapardı… Və bu abidə Halallığa, Xeyirxahlığa, Dürüstlüyə, Fədakarlığa, İnsanlığa, Vicdana ucalan abidə olardı…
Mən könüllərdə ucalan o məbədi görmüşəm, elə könlümün gözüylə… həm də bir yox, min yerdə…
***
2022-ci ilin iyun ayı idi… “İNCSOS – VII Beynəlxalq Sosial Elmlər Konqresi” Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Azərbaycanda keçirilirdi. Türkiyə Böyük Millət Məclisi Başkanı, professor Mustafa Şentopun başçılığı ilə Türkiyədən gələn 520 professorun iştirakı ilə baş tutan elmi konfransın sədası Türk dünyasını bürümüşdü. Həmin ilə qədər İspaniya, Rumıniya, Türkiyə, Qüds, Özbəkistan və Makedoniyada keçirilən konqresin məhz Qarabağın tarixi zəfərinə həsr olunması hörmətli Sahibə xanımın təşəbbüsü idi və Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması, elmi ədəbiyyatlarda əks olunaraq gələcək nəsillərə çatdırılması məqsədi daşıyırdı.
3 gün müxtəlif panel və bölmə iclaslarında davam edən konfrans öz işini uğurla başa vurmuş, bu günlər ərzində bütün akademik heyətin – elə təkcə Türkiyədən dəvət alan 520 professorun hava limanından – hotellərə; hotellərdən – ADA Universitetinə; Universitetdən – Xiyabanlara, Yanar dağa və s.yerlərə nəzərdə tutulan səfərlərinin yüksək səviyyədə koordinasiya olunması qonaqlarda Sahibə xanım Qafarovanın elmi dünyagörüşü və natiqlik məharəti qədər həm də idarəedicilik qabiliyyətinə heyranlıq doğurmuşdu.
Bu elmi konfrans olmaqla yanaşı həm də Türk dünyasının ictimai fikir adamlarını bir araya gətirən səmimi bir görüş idi.
Ankara Gazi Universitetinin qocaman professorlarından olan, ustadım Cemal Kurnaz və xanımı professor Şefika Kurnaz da konfransda iştirak edirdi. Cemal bəy Azərbaycana “ata vətən” deyirdi, sonuncu gün Cemal bəy Azərbaycana ziyarətinə vəsilə olan Sahibə xanımın ünvanına alxış edərək: “Atası rəhmətlik, sağ olsun, bizləri ata vətənə yenidən qovuşdurmaqla bizə şərəf verdi. Sonuncu dəfə Bəxtiyar Vahabzadənin vida törəninə Türkiyədən gələn nümayəndə heyətinin tərkibində idim. Bakıya gəlməyəli 13 yıl oldu, – dedi…
-Qızım, burda mənim qədim bir dostum vardı… Çox əfsus ki, zamansız kayb etdik… 46-47 yaşlarındaydı… Onun məzarını ziyarət etmək, halallaşmaq istərdim. Ölümlü dünyadır, kim bilir bir də Azərbaycana gəlmək qismət olacaqmı?!…
Söhbətin Aydın Məmmədovdan getdiyini anlamışdım… Cemal hocam hər zaman Bəxtiyar Ustaddan danışanda, Şəkidən danışanda gözləri yol çəkər, boğazında düyünlənən qəhərdən heç vaxt Aydın Məmmədovun adını dilinə gətirməzdi, “talehsiz qardaşım” deyərdi…
***
Prof.dr.Cemal Kurnazın arzusuyla Şəkiyə – qədim Kiş kəndinə gəlmişdik: Cemal hocam, Şefika xanım, Tayfun Haykır, həyat yoldaşım və mən…
Yolboyu Cemal hocam Aydın Məmmədovun cəsarətindən, sovet rejiminin mürəkkəb dönəmlərində türkoloji çalışmalarından, Türkologiya jurnalına redaktorluq etməyindən, tərcüməçilik fəaliyyətindən, Oljas Süleymenovla doğma münasibətlərindən, Kiş kəndində Aydının atası Mirsaleh kişinin ocağında qonaq olmaqlarından, Oljas Süleymenovun Şəkidə, Böyük Dəhnə kəndinin mədəniyyət evindəki çıxışından, şəkililərin qabiliyyətli süfrə açmağından danışırdı.
Kiş kəndində bizi təsadüfən qarşılaşdığımız, istiqaməti soruşduğumuz Bəşarət müəllim Yusifov adlı ağsaqqal bir ziyalı müşayiət edirdi. Aydın Məmmədovu ziyarət edəndən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, kəndin məzarlığında yanaşı uyuyan şəhid məzarlarını ziyarət etdik. Bəşarət müəllim dedi ki, şəhidlərin uyuduğu gördüyünüz bu məzarlığı deputatımız Cavanşir Feyziyev şəhidlərimizin əziz ruhuna hörmətlə xatirə kompleksi kimi abadlaşdırıb, şəhidlərimizin hamısının baş daşını özü qoydurub.
Bəşarət müəllimin Cavanşir Feyziyev haqqında danışdıqlarından Cemal hocam, Şəfiqə xanım, Tayfun Haykır heyranlıq içindəydi:
- İndi ziyarətinə gəldiyiniz mərhum Aydın Məmmədovun adını daşıyan məktəb vardı Kiş kəndində. Köhnə məktəb idi, uçulub dağılmışdı. Cavanşir müəllim həmin məktəbi yenidən inşa etdi…İndi məktəb adamın üzünə gülür.
- Orta Zəyzid kəndindən gənc bir müəllimə vardı, savadlı adam idi, uşaqları universitetə hazırlaşdırmaq üçün əlavə dərslər keçmək üçün can atırdı, amma şəraiti əl vermirdi. Hörmətli deputatımıza deyib ki, evə ehtiyacım var. O müəlliməyə ev tikildi.
- Tək ona yox, neçə-neçə şəhid ailəsinə evlər tikdi Cavanşir müəllim.
- Hələ Birinci Qarabağ müharibəsində oğlu şəhid olan bir ana vardı, ona iki mərtəbə ev tikdirmişdi. Ağbirçək deyib ki, ev hündürdü, qalxıb düşə bilmirəm, mənə həyətdə bir əl damı lazımdır. Kənd camaatı deyiblər: ayıbdır, o kişi sənə bu boyda imarət tikib. Söhbət Cavanşir müəllimin qulağına çatan kimi: “ Boynumuzun borcudur!” deyib ağbirçəyin arzusuna uyğun göstəriş verib.
- Şəkidə 57 şəhid ailəsi var. Hamısını himayəsinə götürüb, o evlərin hansının qapısını açsa, o başı qara örpəkli, köksü bala dağlı şəhid anaları Cavanşir müəllimi “Oğul” deyib, “qardaş” deyib köksünə sıxacaq…
- Şəhid balalarından ötrü elədikləri saya-hesaba gəlməz. Təkcə Şəkidə yox vallah, ən ucqar rayonumuz olan Balakənə qədər gedib çıxıb, şəhid ailələrinin qayğılarına kömək edib, o atasız balaların başına sığal çəkib.
- Şəkinin özündə nə qədər yetim uşaq vardı, hamısına yüksək səviyyədə ali məktəb oxumağını təmin elədi. Onların hamısına özü təqaüd ayırdı.
- İndi Kazım kişinin evinin yanından keçəcəyik, gözlərinizlə görərsiniz. Oğlu şəhid olmuşdu. O kişinin qapısına baş sağlığına gəlmişdi Cavanşir müəllim. Gələndə görüb ev xeyli şəraitsizdi. Rəhmətliyin həyətində bir ev tikdi ki, ziyarərgah…
- Yox, yanından keçməyək, Şefika xanım etiraz edir, Cemal bəy biz də ziyarət edəriz, bir başsağlığı diləriz, Azərbaycanın şəhid övladı bizim də şəhidimizdir, – deyir.
Bütün şəhidlərimizin və burada uyuyan, Kiş sakinlərinin ruhuna dualar oxuyub məzarlığı tərk edir, Bəşarət müəllimin bələdçiliyi ilə Kazım kişinin evinə sarı yola düzəlirik. Cemal bəy də, xanımı da, Tayfun bəy də heyranlıq içindədir.
***
Orxan Əhmədov Kazım kişi ilə Pərvanə ananın böyük oğludur. 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Orxanın dəfni zamanı başsağlığına gələn deputat ailənin yaşadığı evin şəraitsiz olduğunu görür, Orxanın kiçik qardaşı Vüsal deyir ki, hətta Cavanşir müəllim o evin tikintisi üçün əlavə torpaq -filan almaq istəyirmiş. Kazım kişi məsləhət görüb ki, elə öz həyətimizdə tikilsə, yaxşıdı. Və beləliklə, deputat köhnə evin yerində ailənin bütün rahatlığını ən yüksək səviyyədə təmin edəcək ev tikdirib, təmirini, içinin avadanlıqlarını ən yüksək səviyyədə hasilə gətirib.
Bir çay içib qalxarıq, – niyyətiylə getdiyimiz evdə qonum-qonşudan eşidən-bilən qonaqları salamlamağa, bizimlə görüşməyə gəlir. Həmişə əsərlərində “asil insan” axtarışında olan Cemal hoca axtardığını tapmış adam kimi sualı-suala, söhbəti-söhbətə calayır. Eşitdikləri isə onun qəlbində Cavanşir Feyziyev adlı yeni kitabın səhifələrinə dönüşür… Bizim Kiş kəndinə səbəbi-ziyarətimizin Aydın Məmmədovun məzarına baş çəkmək olduğunu bilən ailə üzvləri, qonşular hərə bir yerdən dillənir:
- Elə Aydın Məmmədovun adına olan məktəbi döşəməsindən tavanına, pəncərə şüşəsindən- qapısına gülə-çiçəyə döndərdi Cavanşir müəllim.
- Təkcə o məktəbi yox, kənddə 4 nömrəli məktəb də vardı, xeyli dağılmışdı. O məktəbi də təmir elətdirdi, içinin avadanlığına qədər hər şeyi gözəl ərsəyə gətirdi.
- Təmir eləmək nədi ki, neçə yerdə məktəblər tikdi, hər il yüz faiz qəbul imtahanı nəticələri verən məktəblər bina elədi.
- Kənd kitabxanalarına saysız-hesabsız kitablar bağışladı…
- Kəndlərdə bağçalar tikdirdi. Hələ ürəyi rahat olmadı, getdi Bakıdan uşaqlara yatacaq, çarpayılar, yorğan-döşəklər, oyuncaqlar alıb göndərdi.
- Bəlkə min tələbənin əlinə diplom almağına, universitet oxumağına səbəbkar olub, minlərlə tələbənin təhsil haqqına dəstək olub. Oxudandan sonra da o uşaqları taleyin ümidinə buraxmayıb, işlə təmin olunmalarına kömək edib.
- Şəkidən saysız-hesabsız ailələrə dayaq olub, insanların maddi rifah halından tutmuş tibbi xidmət ehtiyaclarına qədər hər nə varsa, əlindən gələni artıqlaması ilə edib.
- Minlərlə adamın müalicəsi üçün xəstəxana, dərman… bütün ehtiyaclarını ödəyib.
- Xəstəsini həkimə apara bilməyən yolsuz Şirinbulaq kəndinə yol çəkdirib.
- Neçə-neçə dağılmış yolları bərpa etdirib, neçə-neçə yol salıb. Yolu açıq olsun!
- Cəyirli kəndinə içməli su çəkdirib Cavanşir müəllim! Su qədər ömrü olsun!
- Neçə yerdə artezian quyuları qazdırıb, əhalinin istifadəsinə verilib.
- Neçə susuz kəndə uzaq məsafələrdən içməli su kəmərləri çəkdirib…
- Neçə-neçə qazinin toyunu eləyib… Allah balalarına toy qismət eləsin!
Sadalıqca Cavanşir müəllimin xeyir əməlləri, insanların isə onun ünvanına yönələn alxışları, duaları səngimək bilmirdi… Əgər həmin gecə Ankara yolçuluğu olmasaydı, əminəm ki, nə Cemal hoca, nə xanımı, nə Tayfun bəy, nə də biz Şəkidən – şirin ləhcəli doğma insanlardan ayrılıb gəlmək istəməzdik… Biz Şəkiyə yola çıxanda Şəki halvası, kəlağayı alacağımızı, Aydınbulaq qalasına, Gələsən-Görəsənə, Kiş məbədinə, Xan sarayına – tarixi abidələrə də gedəcəyimizi düşünürdük. Heç bir tarixi abidəyə getməyə ehtiyacımız qalmamışdı – biz canlı tarixi və o tarixi yazan adamı görmüşdük…
Ürəyim köksümə sığmırdı. Cemal hocanın Azərbaycandan belə bir xatirəylə ayrılacağı düşüncəsi məni sonsuz bəxtiyar edirdi. Çünki onun xasiyyətini bilirdim. Bilirdim ki, Cavanşir müəllim kimi bir insanın varlığından xəbərdar olmaq yaşının ahıl çağında əziz ustadıma yaşamaq və yazıb-yaratmaq üçün mənəvi stimul olacaq. Düşündüyüm kimi də olmuşdu. Ankaraya çatar-çatmaz Gazi Universitetinin mətbuat şöbəsi “Prof.dr. Cemal Kurnazın Şeki hatıraları”nı yayımlamış, sayın professor Azərbaycanda tanıdığı, özünü görmədən xeyirxah əməlləri ilə şəxsiyyətinə heyranlıq duyduğu millət vəkili Cavanşir Feyziyevdən ürəkdolusu bəhs etmiş, bəlkə mənim ömrüm çatmaz, Türk gəncliyinin oxuyub tanıması üçün Cavanşir bəy haqqında yazmasını Türkiyə Yazarlar Birliyinin Sakarya şöbə başqanı, Türkiyədə ədəbi portret janrının ustadı Fahri Tunaya vəsiyyət etmişdi…
Bütün bunlar adi yaşanmışlar deyildi… Mən adi kəndlidən tutmuş akademikə qədər saysız insanların dilindən Cavanşir müəllimin əsl dövlət ərkanı etikasını, millət vəkilinin səmimi təmas estetikasını, kübar davranışını, sadəliyindəki böyüklüyü, səmimiyyəti dəfələrlə dinləmişəm. Hətta heç unutmayacağım 2021-ci ilin 17 Kasım’ı İstanbulda Şehzadebaşı Camide sayın professor Mustafa Şentop, İbrahim Kalın, Musa Kazım Arıcanın rəhbərlik etdiyi heyətlə ayaqüstü söhbətləşmədə onların Cavanşir bəyə duyduğu etiram və etimadı sözlə ifadə edə bilmirəm. Dəfələrlə iştirakçısı olduğu elmi görüşmələrdə Cavanşir Feyziyev imzasına və şəxsiyyətinə yönələn sonsuz sayğının şahidi olmuşam. Türküstanda Xoca Əhməd Yəsəvi adına Qazax-Türk Universitetində Cavanşir müəllimin araşdırmalarının əl-əl gəzdiyini müşahidə etmişəm. Bu yaxınlarda Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində “Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetin rektoru akademik Şuhrat Sirocəddinovdan, beynəlxalq əlaqələr üzrə prorektor Nozilya Zorilovnadan hörmətli Cavanşir müəllimin Türk dünyasını qapsayan monumental tədqiqat əsərlərinin Türkdilli universitetlərdə dərs vəsaiti kimi istifadə olunduğunu öyrənmişəm. Özbəkistan Parlamentinin deputatı və Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid əfəndi “Vaxt heykəli” kitabının Azərbaycan türkcəsinə çevrilərək çapına böyük dəstək olan Cavanşir müəllimdən necə minnətdarlıqla danışdığına şahid olmuşam. Daşkənddə işıq üzü görən “ Kitab dünyası” qəzetinin baş redaktoru Xosiyyet Rustamın “44 gün” kitabının nəşrinə Bakıda nail olmaqla Qarabağ həqiqətlərinin Türk dünyasına yayılmasına vəsilə olan Cavanşir müəllimin Vətənimiz qarşısında yüzlərlə, minlərlə misilsiz müstəsna xidmətlərini gözlərimlə görmüşəm… Bu gün Cavanşir Feyziyev imzası, adı Türk insanının yaşadığı bütün coğrafiyalarda hörmətlə çəkilir, fundamental elmi araşdırmaları ilə ümumtürk mədəniyyətinə qatdığı dəyərlər təqdir olunur və ən əsası bir fikir adamı olaraq onun məqalə-məqalə, kitab-kitab irəli sürdüyü müddəalar qəbul olunur. Elm üçün sadəcə tanınmaq deyil, həm də qəbul olunmaq böyük şərtdir. Qlobal əhəmiyyəti və aktuallığı ilə böyük dəyər kəsb edən araşdırmalarından olan “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı haqqında əməkdar elm xadimi, akademik Yaqub Mahmudovun yazdıqları isə fikirlərimizin birmənalı təsdiqidir: “Tanınmış alimimiz Cavanşir Feyziyev uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyasını oxuyandan sonra həm əmin, həm də çox məmnun oldum ki, yaxından tanıdığım ziyalı dostum sinəsində mənsub olduğumuz müqəddəs bir dünyanın – Türk dünyasının keçmişi, bu günü və gələcəyi barədə nə qədər dərin narahatlıqlarla dolu bir ürək gəzdirirmiş. Cavanşir Feyziyevin öz yeni intibahına qovuşan Türk dünyasının qarşılaşdığı və gələcəkdə də üzləşəcəyi problemlər barədə düşüncələri, təklif etdiyi çıxış yolları və irəli sürdüyü model məni çox təsirləndirdi…”
Bəli, bu, bizim Əziz Cavanşir Müəllimdir!
Türk dünyasının hər nöqtəsində elmi mündəricəsi ilə hörmətlə qarşılanan elm xadimi…
Qərbin “mədəniyyət” imperializmi qarşısında baş əyib öz milli-mənəvi dəyərlərini itirmiş və ya itirmə istiqamətində olanlara getdikləri yolun gedər-gəlməz olduğunu xatırladan, milli-mənəvi mənliyini qoruyanlara haqq yolunda olduğuna əminliklə inam aşılayan təəəssübkeş ziyalı…
Sözünü məsuliyyət bilən, sözünün ləyaqətini özünün ləyaqəti kimi qoruyan, sözünə işi və əməli ilə sadiq olan fikir adamı…
Dünyanın ən ali tribunalarında çıxışlar etsə də, kəndinə, elinə, yurduna üz tutub seçicisi ilə yanbayan dayananda onlardan biri olmağı bacaran, sonsuz səmimiyyəti ilə sadə kəndlilərlə münasibətdə araya heç bir sərhəd, distansiya qoymayan, yüksək mədəniyyəti və səmimiyyətin böyüklüyünü öz şəxsində bütövləşdirən millətin vəkili…
Vicdanı, alnının təri, xəmiri halallıqdan yoğrulmuş əllərinin əməyi, sağlam əqidəsi, istirahətsiz ömrü, hədsiz təvazökarlığı, mərd xarakteri, yüksək əxlaqı, elmi erudisiyası və nəcib ziyalılığı ilə heç kimə bənzəməyən İnsanlıq nümunəsi…
Mən Tanrının ən gözəl sifətlərinin yaratdıqlarında təcəlli etdiyinə və bəzi insanları müəyyən missiyalarla görəvləndirərək Yer üzünə Seçilmiş olaraq göndərdiyinə ürəkdən inanıram… İdrakım, hissiyyatım və bütün qəlbimlə bu mütləq həqiqətə inanaraq söyləyirəm ki, Cavanşir Müəllim məhz Tanrının Seçilmişlərindəndi… Və O, zəngin mənəvi dünyası, kamil xarakteri ilə millət vəkili olmağın da, elm xadimi olmağın da lap fövqündə dayanır…
Hər kəlməsindəki vətəndaş məsuliyyətini dərindən duyduğum, hər yazısından, hər əsərindən düşüncəsindəki işığa yenidən vurulduğum, əqli olaraq kitab-kitab dərk etdiyim Cavanşir Müəllim hörmətli akademik Yaqub Mahmudovun da söylədiyi kimi, sinəsində böyük bir ürək daşıyır. Şəkinin dili söz tutan körpəsindən qocaman ağbirçəyinə, ağsaqqalına qədər hər birinin söylədikləri bunu təsdiqləyir. Bəli, Cavanşir Müəllimin köksündə bütün Türk dünyasını sığdıra biləcək qədər Böyük ürəyi var… O böyük ürəyin içindən Böyük Dəhnə kəndindən Tanrı dağlarına qutlu bir yol uzanır… Cavanşir Müəllim o Haqq yolunun yorulmaz və fədakar yolçusudur… Yolu aydın olsun!
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru