“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən sosial şəbəkələr və onlayn platformalar vasitəsilə icma ilə işləyən gənc sosial işçilər üçün növbəti interaktiv təlim keçirilib.
Təşkilatın əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olması və əsasən gənclərlə işləməsi təlimlərin də müasir və interaktiv formada keçirilməsinə imkan yaradır. Təlimlərdə ənənəvi mühazirələrdən daha çox müzakirələrə, praktiki nümunələrə, sual-cavaba və komanda işinə üstünlük verilir.
Təlim zamanı sosial şəbəkələrdə müraciət edən şəxslərlə düzgün ünsiyyət qurmaq, İİV profilaktikası və təhlükəsiz cinsi davranış barədə məlumatları sadə və anlaşıqlı şəkildə çatdırmaq, şəxslərin ehtiyaclarını müəyyənləşdirmək və onları müvafiq xidmətlərə yönləndirmək məsələləri müzakirə olunub.
Onlayn sosial işçilər sosial şəbəkələr vasitəsilə fərdi məsləhətləşmələr aparır, İİV və digər cinsi yolla ötürülən infeksiyalardan qorunma, təhlükəsiz cinsi davranış, qoruyucular və lubrikantlardan düzgün istifadə barədə məlumat verirlər.
Altı ay ərzində onlayn məsləhət və maarifləndirmə xidmətlərindən 2630 nəfər istifadə edib və 2630 nəfərə İİV profilaktikası və təhlükəsiz cinsi davranışla bağlı fərdi məlumat verilib.
Təşkilat hesab edir ki, gənc sosial işçilərin müasir və interaktiv metodlarla hazırlanması gənclərlə daha rahat ünsiyyət qurmağa və profilaktik xidmətləri onların ehtiyaclarına uyğun şəkildə təqdim etməyə imkan verir.


























