image-1backend

Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümünə həsr olunmuş konfrans keçirilib

image-reklam_sirab_01

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı, o cümlədən şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin dəstəyi ilə Vətən müharibəsi dövründə Gəncənin növbəti dəfə Ermənistan silhalı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasının dördüncü ildönümünə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Vətəninfo.az-a Gəncə İH-dən bildirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, universitet rektorları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.
Niyazi Bayramov çıxışında bildirib ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri və burada yaşanan hadisələr daim Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Şəhər rəhbəri qeyd edib ki, dövlət başçısı xalqa müraciətlərində, habelə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrdə Ermənistanın hərbi cinayətlərə əl atdığını bildirib, mülki şəxslərin hədəfə alındığını dünya ictimaiyyətinin diqqətinə çatdırıb və bunun döyüş meydanında layiqli cavabının olacağını söyləyib.
Pərvin Kərimzadə və Bayram Aslanov çıxışlarında bildiriblər ki, Gəncə şəhəri 44 günlük Vətən müharibəsində yüksək iradə və dözümlülük nümayiş etdirib. Şəhər sakinləri ölkə başçısı, Ali Baş Komandanın ətrafında sıx birləşərək, düşmən tərəfindən edilən bütün zərbələrə dözümlülük nümayiş etdirib.
Ermənistan silhalı qüvvəllərinin hücumu zamanı qanlar içində olmasına baxmayaraq, gülümsəyən və Azərbaycan xalqının qorxmazlıq simvoluna çevrilən Bəxtiyar Heydərli isə çıxışında həmin gecə baş verənləri danışaraq, o gecə qorxmadığını və bu hadisəni unutmayacağını deyib.
Konfransın sonunda SN Gəncə Tibb Kolleci PHŞ-nin tələbələri tərəfindən vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib.
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini növbəti dəfə raket hücumuna məruz qoyub. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.Terror zamanı 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki