Xəbər verdiyimiz kimi, noyabrın 11-də general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.
Türkər Əliyeva külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinib.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə keçmiş MTN generalı, hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayev külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, daha sonra istintaq nəzarətində saxlanılıb.
Noyabrın 12-də isə generalın qızı məhkəməyə çıxarılıb.
Hakim təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.
Bundan əlavə, Türkər Əliyevanın daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması həbsdən imtina üçün əsas sayılıb.
Nəticədə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, ev dustaqlığına buraxılıb.
Bu barədə Medialive.az-a mediator Türkər Əliyevanın vəkili Riçhard İsmayılov açıqlama verib.
O bildirib ki, ibtidai istintaq zamanı əsaslı şübhələr yaradan hallar və şəxslər müəyyən edilib:
“Cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı Türkər Əliyevaya qarşı dələduzluq və digər qanunazidd əməllərin törədilməsində iştirakına dair əsaslı şübhələr yaradan hallar və şəxslər müəyyən edilmişdir. Müdafiə tərəfi olaraq həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla müvafiq məsuliyyətə cəlb edilmələri üçün istintaq orqanına müvafiq vəsatətlər təqdim ediləcək. Bundan başqa, Ceyhun Rzayevin Türkər Əliyevaya qarşı törətdiyi qanunsuz əməllərə dair müdafiə tərəfi olaraq müvafiq hüquq-mühafizə orqanlarına şikayətlərlə müraciət edilib və onun əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq”.
Medialive.az son günlər mətbuatda qalmaqala çevrilən, eyni zamanda müxtəlif suallar doğuran general Natiq Əliyevin qızının məhkəmə işi ilə bağlı təfərrüatları əldə edib.
Belə ki, Türkər Əliyeva bir müddət öncə Müşteyidzadə Züleyxa adlı şəxsə məxsus 10 hektar 20 sot torpaq sahəsini ondan satın alıb.
Daha sonra etibarnamə əsasında idarəetmə və sərəncam vermə hüququ ilə əldə etdiyi, torpaq sahəsinin mülkiyyət hüququnu rəsmiləşdirərək (çıxarış əldə edərək) satmaq niyyətində olub. Qeyd olunan torpaq sahəsinin faktiki bazar dəyəri 6 120 000 (altı milyon yüz iyirmi min) manat təşkil etdiyi bildirilib.
Məlumata görə, Türkər Əliyevanın təcili vəsaitə ehtiyacı olduğu üçün torpaq sahəsini aşağı qiymətə satmağı planlaşdırıb.
Bu zaman isə ANAMA-nın İdarə Heyətinin sədrinin müavini, keçmiş MTN generalı Ceyhun Rzayev Türkər Əliyeva ilə aralarında mövcud olan işgüzar və şəxsi münasibətlərdən istifadə edərək sözügedən torpaq sahəsini satın almaq istədiyini bildirib. İddiaya görə, onlar arasında ilkin razılaşmaya əsasən torpaq sahəsinin ümumi satış qiyməti 1 500 000 (bir milyon beş yüz min) manat müəyyən edilib.
Ceyhun Rzayev də öz növbəsində bu razılaşma üzrə Türkər Əliyevaya ilkin beh olaraq hissə-hissə ümumilikdə 380 000 (üç yüz həştad min) manat pul ödəyib. Razılaşmaya görə, torpaq sahəsinin mülkiyyət sənədləri (çıxarışı) tam hazır olduqdan sonra Ceyhun Rzayev mediatora Badamdar qəsəbəsində yerləşən bağ evini təhvil verməli və yerdə qalan pul öhdəliyini tam icra etməli olub. Lakin iddialara görə, torpaq sahəsinin yekun mülkiyyət çıxarışı (kupçası) rəsmi olmadığı halda, Ceyhun Rzayev tutduğu yüksək dövlət vəzifəsi statusundan, rəsmi imkanlarından və nüfuzundan sui-istifadə edərək qanunsuz əməllərə əl atıb.
Əldə edilən digər vacib məlumatda isə qeyd olunur ki, Ceyhun Rzayev torpağın ilkin mülkiyyətçisi Müşteyidzadə Züleyxanı şirnikləndirərək, təsir altına alaraq və təzyiq göstərərək torpaq sahəsini Türkər Əliyevaya verməməyə, aralarındakı etibarnamə və razılaşmaları pozub torpağı birbaşa Ceyhun Rzayevə satmağa təhrik edib.
Hətta belə bir iddia da var ki, Ceyhun Rzayev mediatoru bu əqd üzrə hüquqlarından məhrum etmək və verdiyi beh müqabilində torpağı ələ keçirmək üçün Türkər Əliyevaya mesajlar yazaraq tutduğu vəzifə rıçaqları ilə onun haqqında uydurma və şər xarakterli cinayət işi açdıracağı, onu həbs etdirəcəyi hədəsi ilə şantaj və təhdidlər edib. T.Əliyeva tanışlarına, qohumlarına və yaxın çevrəsinə zəng edərək şərəf və ləyaqətini alçaldan, rüsvayedici yalan məlumatlar və böhtanlar yayıb, psixoloji təzyiqlər göstərib. Bu baxımdan da şantaj və böhtanlar mediatorun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna və generalın qızının azyaşlı övladlarının psixi rahatlığına ciddi zərər vura bilər.
Onu da əlavə edək ki, keçmiş general-mayor Natiq Əliyevin qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edərək bu məsələdə ona kömək edilməsini və dəstək olunmasını xahiş edib.
Əldə etdiyimiz məlumata görə, DTX rəisinə, Baş Prokurora və Daxili İşlər Nazirinə ünvanlanan müraciət məktublarının məzmunları eyni olub.
Müraciət məktubunda bildirilib ki, Ceyhun Rzayev Türkər Əliyevaya qarşı qanunsuz əmlak tələbi irəli sürür. Ödənilmiş 380 000 manat behi derhal geri tələb edir, bu pul ödənilmədiyi təqdirdə isə real dəyəri milyonlarla manat olan 10 hektar 20 sot torpaq sahəsinin bütün mülkiyyət sənədlərinin əvəzsiz və əlavə ödənişsiz olaraq ona verilməsini tələb edir.
Müraciətdə iddia edilib ki, Ceyhun Rzayev Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Xaliq Dadaşzadə ilə əlbir olaraq, vəzifə imkanlarından istifadə etməklə Türkər haqqında uydurma və şər xarakterli materiallar əsasında onu qanunsuz şəkildə tutdurmağa və cinayət məsuliyyətinə cəlb etdirməyə çalışır. Hətta müraciətin bir hissəsində qeyd edilir ki, keçmiş MTN generalının Türkər Əliyeva tərəfindən təqdim edilə biləcək şahidin yanında açıq-aşkar məqsədinin yalnız pul deyil, mediatorla prinsip aparmaq, onu 48 sutka içəridə saxlatdırmaq, tutdurmaq və içəridə (həbsdə) döydürmək olub.
Müraciətin sonunda isə iddia olunub ki, general Ceyhun Rzayev Türkər Əliyeva və onun yaxınlarını qorxutmaq, psixoloji cəhətdən təzyiq yaratmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Rəisi Əli Nağıyevin adından sui-istifadə edərək: “Səni Əli Nağıyevin otağına gətirdəcəyəm” kimi həqiqətə uyğun olmayan ifadələr söyləyib və bu yolla xanım mediatora qarşı açıq-aşkar şantaj həyata keçirib.
İddiaya görə, araşdırma prosesində müstəntiq Xaliq Dadaşzadə aşkar şəkildə qərəzli mövqe tutur, obyektivlik və qərəzsizlik prinsiplərini kobud şəkildə pozub. Deyilənə görə, müstəntiq araşdırma zamanı Türkər Əliyevanın qanuni hüquqlarını və təqdim etdiyi dəlilləri nəzərə almadan, yalnız Ceyhun Rzayevin maraqlarına xidmət edən birtərəfli mövqe sərgiləyir.
Müraciət məktubunun sonunda Baş Prokurordan xahiş edilib ki, məhkəmə işi Sumqayıt Şəhər Prokurorluğundan alınaraq Baş Prokurorluğun icraatına götürülsün.


























