image-3backend

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

image-reklam_sirab_01

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 85-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.
AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanquliyevanın şərqşünaslıq elminə böyük töhfələr verdiyini, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru kimi bu sahənin inkişafında böyük xidmətləri olduğunu deyib.
Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu bildirən akademik G.Baxşəliyeva onun əsərlərinin dönə-dönə oxunulduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü vurğulayıb.
Görkəmli alimin həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən natiq Aida İmanquliyevanın əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını bildirib.
Anım mərasimində iştirak edən AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu deyərək, onun Azərbaycan şərqşünaslığının inkişafına böyük töhfələr verdiyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki