Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı ölkənin işğal olunmuş əraziləri – Abxaziya və Cənubi Osetiyadan çıxmağa, bu bölgələrin qondarma “müstəqilliyini” tanımaqdan imtina etməyə və 2008-ci il 12 avqust tarixli atəşkəs sazişinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Bu barədə Gürcüstan XİN-in 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 17-ci ildönümü ilə bağlı yaydığı rəsmi bəyanatda deyilir.
Bəyanatda vurğulanır ki, Rusiya 17 il keçməsinə baxmayaraq, hələ də Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasını yerinə yetirmir və işğalçı qüvvələrini Gürcüstan ərazisindən çıxarmaqdan imtina edir. Eyni zamanda, Moskvanın Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrini öz siyasi, iqtisadi, hərbi və sosial sistemlərinə inteqrasiya etməyə davam etməsi beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilir.
“Rusiya Federasiyası beynəlxalq təşkilatların işğal olunmuş ərazilərə maneəsiz girişinə, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yerləşdirilməsinə və məcburi köçkünlərin öz evlərinə qayıtmasına da əngəl yaradır”, – deyə Gürcüstan XİN-in açıqlamasında qeyd olunur.
Gürcüstan rəsmiləri bildiriblər ki, bu hərəkətlər beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasıdır və bu, artıq Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin 2021–2024-cü illər ərzində qəbul etdiyi qərarlarla da təsdiqlənib.
Nazirlik bəyan edib ki, Gürcüstan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində diplomatik və hüquqi yollarla ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün sülh siyasətini davam etdirir. Bu istiqamətdə işğal xətti boyunca bölünmüş cəmiyyətlər arasında barışığın və qarşılıqlı etimadın bərpasına yönəlmiş addımlar atılır.
Gürcüstan hökuməti eyni zamanda Cenevrə beynəlxalq danışıqlarında da fəal iştirak edir. Danışıqlarda əsas məqsədlər atəşkəs razılaşmasının tam icrası və məcburi köçkünlərin geri qayıtması məsələlərinin həllidir. Qalidə İnsidentlərin Qarşısının Alınması və Müdaxilə Mexanizminin (IPRM) bərpası və Qali ilə Erqnetidə mütəmadi iclasların keçirilməsi də Tbilisinin əsas tələbləri sırasındadır.
“Xarici İşlər Nazirliyi 2008-ci il müharibəsində həlak olmuş hərbçilərin və mülki şəxslərin xatirəsini dərin ehtiramla yad edir”, – bəyanatda deyilir.
Gürcüstan XİN beynəlxalq ictimaiyyətin ölkənin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirərək, Rusiyanı beynəlxalq öhdəliklərinə hörmət etməyə və işğalçı siyasətinə son qoymağa çağırıb.