Vətəninfo.az xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan üçün Qaxariya” partiyası təxminən bir il davam edən parlament boykotuna son verərək qanunverici orqana qayıtmaq qərarına gəlib. Partiya parlamentdə 12 mandat əldə edəcək.
Gürcü mətbuatının məlumatına görə, partiyanın liderlərindən biri Giorgi Şaraşidze bildirib ki, partiya siyasi təcrid taktikasının effektivliyini itirdiyi qənaətinə gəlib və mübarizə strategiyasını dəyişir.
“Bir il əvvəl, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra komandamız yekdilliklə parlamenti boykot etmək qərarına gəlmişdi. Təəssüf ki, bu taktika hakim “Gürcü Arzusu” partiyasını səhnədən çıxarmağa və zərərli qərarlarını ləğv etməyə imkan vermədi. İndi isə biz siyasi mübarizə alətlərini xalqımıza qaytarmaq istəyirik. Yeni kursumuzun əsas şüarı ‘nifrət əvəzinə müdriklik’ olacaq,” – deyə Şaraşidze vurğulayıb.
Gürcü politoloq Arçil Sixarulidze isə “Vestnik Kavkaza” nəşrinə açıqlamasında “Qaxariya üçün Gürcüstan” partiyasının bu qərarını “ilk müdrik siyasi addım” kimi qiymətləndirib.
“Nəhayət, siyasətin küçələrdən parlamentə qayıtması üçün fürsət yarandı. Giorgi Qaxariya uzun müddət radikal mövqedə idi və ona hətta Avropalılar da parlamenti boykot etməyi məsləhət görmüşdülər. Lakin o, sonda müdriklik göstərərək bu yanlış qərara son qoydu,” – politoloq qeyd edib.
Sixarulidzenin fikrincə, partiyanın parlamentə qayıtması Gürcüstanda demokratiyanın inkişafı üçün mühüm addımdır:
“Gürcüstana elə bir müxalifət lazımdır ki, Aİ-nin deyil, ölkə daxilindəki ictimai əhval-ruhiyyənin səsini eşitsin. Qaxariya bunu nəhayət dərk etdi. Onun bu addımı Gürcüstan siyasəti üçün dönüş nöqtəsi ola bilər.”
Ekspert həmçinin bildirib ki, oktyabrın 4-də keçirilən bələdiyyə seçkiləri Qaxariya üçün mühüm mərhələ olub:
“Bu seçkilər Qaxariyaya göstərdi ki, nə ABŞ, nə də Avropa İttifaqı Gürcüstan küçələrində real dəyişiklik yarada bilmir. O, vəziyyəti düzgün qiymətləndirərək parlament boykotunu dayandırdı. Bu, Gürcüstanın milli maraqları naminə atılmış addımdır.”
Politoloqun fikrincə, “Qaxariya üçün Gürcüstan” partiyasının parlamentə dönüşü həm də hakim “Gürcü Arzusu” partiyasının siyasi qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu qərar nəticəsində ölkədə yeni tipli, konstruktiv müxalifət formalaşmaq imkanı yaranır.