Martın 3-də axşam saatlarında Acarıstanın Xulo bələdiyyəsinin Satsixira kəndindəki tarixi məscid yanıb. Məscid mədəni irs siyahısında tarixi abidə kimi qeydiyyatda idi.
Vətəninfo.az xəbər verir ki, taxta konstruksiyadan ibarət məscidin elektrik naqillərində baş vermiş qısaqapanma səbəbindən yandığı ehtimal olunur.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Faiq Nəbiyev bildirib ki, dini ocağın hələlik dəqiq hansı səbəbdən yandığı məlum deyil. Lakin ilkin ehtimallara görə, fəlakətə səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Onun sözlərinə görə, son günlər bölgəyə yağan güclü qar bir sıra ciddi fəsadlar törədib. Taxta konstruksiyalı məscidin də qar və yağış sularından islandığı, qısaqapanmanın da bu səbəbdən baş verdiyi ehtimal edilir.
F.Nəbiyv deyib: “Məscid taxta konstruksiyadan ibarət olduğu üçün tamamilə yanıb və bərpası mümkün deyil. Müsəlmanların dini ibadət ocağı olan məscid Gürcüstan Mədəniyyət Nazirliyinin balansındadır. Nazirlikdən bildirilib ki, həmin ərazidə məscidin oxşarı inşa olunacaq”.
Qeyd edək ki, məscid XVIII əsrin sonu -XIX əsrin əvvəllərinə aid edilirdi.