Türkiyənin xarici işlər naziri Hakan Fidan parlamentdə Avropa İttifaqının Türkiyəyə tərəfdaş yox, rəqib kimi baxdığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə xarici işlər nazirinin sözlərinə görə, Brüssel Ankaraya doğru ümidverici addımlar atmır.
“Biz Avropa İttifaqı ilə inteqrasiya prosesini inkişaf etdirmək əzmindəyik. Lakin bunun üçün Aİ-nin iradəsi lazımdır”, – deyə o bildirib.
Türkiyənin xarici işlər naziri əlavə edib ki, təəssüf ki, Avropa İttifaqı digər namizəd ölkələrə qarşı atdığı kimi Türkiyəyə qarşı da ürəkaçan addımlar atmır.
Onun sözlərinə görə, Aİ Türkiyənin Aİ-yə daxil olması ilə bağlı konkret addımlar atsa, bu, hər iki tərəf üçün yeni imkanlar açacaq.
“Lakin Aİ-nin Türkiyəyə tərəfdaş deyil, rəqib kimi baxması və bəzi NATO müttəfiqlərimizin bizim təhlükəsizlik mülahizələrimizi nəzərə almaması ölkəmizi daha çox imkanlar və alternativ strategiyalar hazırlamağa vadar edir”, – deyə nazir bildirib.


























