Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun yaratdığı təhlükəsizlik sisteminin Türkiyəni Yaxın Şərq istiqamətindən gələn təhdidlərdən qorumaqda yetərli olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Fidan bu barədə Türkiyə parlamentinin büdcə komitəsinin müzakirələri zamanı danışıb.
Nazirin sözlərinə görə, Türkiyə NATO-nun mühüm üzvlərindən biri olsa da, alyansın Avropada formalaşdırdığı təhlükəsizlik sistemi Ankaranın Yaxın Şərqdəki təhlükəsizlik maraqlarını tam əhatə etmir.
Hakan Fidan qeyd edib ki, Türkiyə uzun illərdir İraq və Suriyadan qaynaqlanan təhlükələrlə üzləşir. Onun fikrincə, ölkənin təhlükəsizlik strategiyası yalnız Avropa ilə məhdudlaşmamalı, digər strateji bölgələrdə baş verən prosesləri də nəzərə almalıdır.
“Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik sistemi Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etməyib. Çünki maraqlarımız digər strateji bölgələrə də şamil olunur”, – deyə nazir vurğulayıb.
Fidanın açıqlaması Türkiyənin regional təhlükəsizlik məsələlərində NATO-dan daha geniş yanaşma və dəstək gözləntilərini gündəmə gətirir.


























