Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Avropa, Qara dəniz, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağı olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Fidan bu barədə Brüsseldə Avropa İttifaqı Xarici İşlər Şurası çərçivəsində keçirilən regionlararası təhlükəsizlik və bağlantılar üzrə ikinci nazirlər görüşündən sonra danışıb.
Nazir Türkiyənin regionda mərkəzi mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, Ankara bu mövqeyə uyğun olaraq həm konkret həll yolları təklif etməli, həm də nümunəvi yanaşma nümayiş etdirməlidir.
Fidan görüşün əhəmiyyətinə toxunaraq bildirib ki, əsas məqsəd yalnız nəqliyyat və kommunikasiya strategiyalarının hazırlanması deyil, həm də onların həyata keçirilməsi üçün konkret addımların atılmasıdır.
Onun sözlərinə görə, görüşdə Avropa İttifaqı, Qafqaz və Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə ticarət, enerji və məlumat mübadiləsi sahələrində əlaqələrin gücləndirilməsi, eləcə də regional nəqliyyat infrastrukturunun daha səmərəli fəaliyyətinin təmin edilməsi müzakirə olunub.
Hakan Fidan həmçinin Hörmüz boğazı, Bab əl-Məndəb boğazı və Qara dənizdəki müharibə və böhranların beynəlxalq nəqliyyat marşrutları üçün yaratdığı çətinliklərdən nəticə çıxarılmasının vacibliyini qeyd edib.
Nazir Türkiyənin Avropa ilə Qara dəniz, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz marşrutu üzərində strateji mövqeyə malik olduğunu vurğulayıb.


























