“Bizim ölkədə yaşayış fondunun təxminən 95 faizi qeyri-leqal kirayə verilir. Bu, kölgə iqtisadiyyatının çox mühüm hissəsini təşkil edir. Səbəb isə tətbiq olunan 14 faizlik vergidir. Vergi çox olduğuna görə, vətəndaşlar kirayə münasibətlərini leqallaşdırmaqdan boyun qaçırır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. O bildirib ki, yeni qərar vətəndaşlarda daşınmaz əmlak alışına marağı azaldacaq:
“Mən özüm İqtisadiyyat Nazirliyinə verginin azaldılması üçün təklif vermişdim. Əgər bu vergi azaldılarsa, kirayə münasibətlərinin rəsmiləşdirilməsi daha kütləvi xarakter alar. Həm bazar daha leqal formalaşar, həm də gəlirlər daha çox olar. Təəssüflər olsun ki, kirayə gəlirlərindən 10 faizlik verginin tutulması sektora daha da neqativ təsir edəcək. Kirayə müqaviləsi imzalamaq istəyən az bir qisim vətəndaşlar da çalışacaq bundan boyun qaçırsın. Eyni zamanda vətəndaşlar daşınmaz əmlak sektoruna investisiyanı qismən azaldacaqlar”.
Qiymətləndirici vurğulayıb ki, verginin məbləğini azaltmaq büdcə daxilolmalarını daha çox artıra bilərdi:
“Mən tutaq ki, vergi ödəyicisəm və VÖEN-im var. Deyək ki, mənim 10-a yaxın daşınmaz əmlakım var və onların bir qismini rəsmi formadan kirayə vermişəm. Bu qərardan sonra yerdə qalanları artıq qeyri-rəsmi verəcəm. Bizim ölkədə belə hallarla bağlı kiçik bir cərimə tətbiq olunur deyə kimsə onun arxasınca düşüb hansısa yoxlama aparmayacaq. İnanmıram ki, vergi orqanının əməkdaşları düşüb qapı-qapı kiminsə rəsmi yaxud qeyri-rəsmi kirayə yaşadığını öyrənsin. Ola bilsin ki, hansısa mənbələrdən az sayda məlumat tapa bilsinlər. Amma bu çıxış yolu deyil. Əksinə, vergini azaltmaq daha çox büdcə yığımına gətirib çıxarardı. Vətəndaş düşünərdi ki, onsuz da vergi 14 yox 5 faizdir. Qoy elə tətbiq olunan cəriməni ödəyim və rahat olum”.
Xatırladaq ki, Azərbaycanda evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.


























