”Həmas” Siyasi Bürosunun üzvü Suheyl əl-Hindi Qətərin paytaxtı Dohada bu gün yenidən başlaması gözlənilən atəşkəs danışıqlarında iştirak etməyəcəklərini bildirib.
Suheyl əl-Hindi deyib: “Həmas Doha və ya Qahirədə yenidən başlaması gözlənilən danışıqlarda iştirak etməyəcək”.
”Həmas”ın iyulun 2-də vasitəçilərdən razılaşdırılmış məsələlərin həyata keçirilməsi planını təqdim etməyi və İsrailin bu plana sadiq qalacağına dair öhdəlik götürməsini tələb etdiyini xatırladan Suheyl əl-Hindi bildirib ki, bu şərtlər yerinə yetirilərsə müqavilənin icra mexanizminə daxil olmağa hazır olacağıq.
Co Bayden mayın 31-də 3 mərhələdən ibarət atəşkəs planını açıqlayıb və bunun İsrailin təklifi olduğunu vurğulayıb. Plana daimi atəşkəsin təmin edilməsi, İsrailin Qəzzadan çıxarılması, əsirlərin azad edilməsi, yurd-yuvalarından didərgin düşmüş fələstinlilərin Qəzzaya qaytarılması, humanitar yardımın fasiləsiz çatdırılması, Qəzzanın yenidən qurulması daxildir. İsrailin baş naziri Benyamin Netanyahu daha sonra əsir mübadiləsi danışıqları ilə bağlı yeni şərtlər irəli sürüb və plan dalana dirənib.
Bu gün Dohada yenidən başlaması gözlənilən danışıqlarda Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns, Misir kəşfiyyatının rəhbəri Abbas Kamil və Mossad direktoru David Barneanın iştirak edəcəyi bildirilir.