Hindistanın şimal-şərqindəki Sikkim əyalətində daşqınlar nəticəsində azı 82 nəfər ölüb, 140-dan çox insan itkin düşüb. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir .
Sikkim Ştatının Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət İdarəsinə əsasən, ümumilikdə 25 mindən çox insan zərər çəkib, 7 minə yaxın insan təhlükəsiz yerlərə köçürülüb və müvəqqəti yardım düşərgələrində yerləşdirilib. 1200-dən çox evə ziyan dəyib. Ondan çox körpü dağıdılıb, yollar su altında qalıb, bəzi rayonlarda telefon əlaqəsi yoxdur.
Sikkimdə daşqınlara güclü yağışlar və 5000 m-dən çox hündürlükdə Cənubi Lhonak buzlaq gölünün səviyyəsinin qalxması səbəb olub. Mütəxəssislərin fikrincə, onun su həcminin üçdə ikisi Teesta çayı ilə Sikkimin ən böyük hidroelektrik layihəsi olan Teesta-III bəndinə axıb. Bu su elektrik stansiyasından suyun buraxılması vəziyyəti daha da ağırlaşdırıb.
Dağ Bölgələrinin Kompleks İnkişafı üzrə Beynəlxalq Mərkəzin daha əvvəl açıqladığı hesabata görə, 2011-2020-ci illər arasında iqlim dəyişikliyi Himalaydakı buzlaqların əvvəlki onillikdən 65% daha sürətli əriməsinə səbəb olub.


























