Güclü yağışlar Honq-Konqda və Çinin cənubundakı şəhərlərdə geniş daşqınlara səbəb olub. Honq-Konqun küçələri və metro stansiyaları su altında qalıb, məktəblər və müəssisələr bağlanıb. Bu barədə Vətəninfo.az BBC nəşrinə istinadən xəbər verir .
Meteorologiya Bürosunun məlumatına görə, Honq-Konqda sentyabrın 7-də başlayan daşqınlar son 140 ilin ən güclü daşqınlarıdır.
Şəhər hakimiyyəti əlverişsiz hava şəraiti səbəbindən son 24 saat ərzində ən azı 83 nəfərin xəstəxanaya aparıldığını bildirib. Yağış həmçinin torpaq sürüşməsinə səbəb olub, bəzi yolları bağlayıb.

Meteoroloqların hesablamalarına görə, bir saat ərzində 158,1 mm yağıntı qeydə alınıb ki, bu da 1884-cü ildə müşahidələr başlayandan bəri ən yüksək göstəricidir.
Çinin cənubundakı Şençjen şəhərində də leysan yağışları yağıb. Quandun əyalətində yüzlərlə aviareys təxirə salınıb.

Proqnozlara görə, güclü yağışlar sentyabrın 8-də və 9-da da davam edəcək.
Ötən həftə “Saola” və “Haikui” tayfunları Çinin cənub bölgələrini vurub.


























