Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman husilərin hücumları və krallıq ətrafında artan təhlükəsizlik riskləri fonunda şəxsi görüşlərə giriş qaydalarını sərtləşdirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Intelligence Online” nəşri Səudiyyə Ərəbistanı kral sarayına yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 41 yaşlı vəliəhd şahzadə ilə görüşmək istəyən şəxslər bundan sonra daha ciddi təhlükəsizlik yoxlamalarından keçiriləcək. Yeni protokollarda müraciət edənlərin qəbilə mənsubiyyətinə, yaşına və tutduğu vəzifəyə xüsusi diqqət yetiriləcək.
Nəşrin mənbələri bildirir ki, qəbul qaydalarının yenidən nəzərdən keçirilməsinə husilərin oktyabr hücumlarından əvvəl başlanılıb.
Son bir ay ərzində husilərin hava limanlarına və strateji infrastruktura endirdiyi zərbələr nəticəsində azı 21 nəfərin həyatını itirdiyi bildirilir.
Bununla belə, Məhəmməd bin Salman yüksək səviyyəli xarici qonaqlarla görüşlərini davam etdirir. Son dövrdə o, Fransa Prezidenti Emmanuel Makronu və Misir kəşfiyyatının rəhbəri Rəşadla görüşüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik protokollarında baş verən dəyişikliklər regionda artan gərginlik və husilərin mümkün hücumları ilə bağlı narahatlıqlar fonunda diqqət çəkir.


























