“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev ilə təşkilatın İİV-in profilaktikası istiqamətində apardığı işin barədə Vətəninfo.az-a müsahibəsi.
Təşkilatınızın fəaliyyət coğrafiyası kifayət qədər genişdir. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, bizim fəaliyyətimizin mühüm xüsusiyyətlərindən biri geniş coğrafi əhatəmizin olmasıdır. Hazırda “Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi Bakı, Sumqayıt və Gəncə şəhərlərində, həmçinin Azərbaycanın 15 regionunda İİV profilaktikası istiqamətində fəaliyyət göstərir. Bizim məqsədimiz profilaktik xidmətləri yalnız böyük şəhərlərdə yaşayan insanlar üçün əlçatan etmək deyil. Regionlarda yaşayan kişilər də eyni səviyyədə məlumat, profilaktik vasitələr və test xidmətləri əldə etməlidirlər. Bu məqsədlə regionlarda sosiyal işçilərimiz fəaliyyət göstərir. Onlar icma nümayəndələri ilə birbaşa əlaqə saxlayır, İİV barədə məlumat verir, təhlükəsiz cinsi davranışı izah edir, pulsuz qoruyucu və lubrikantlar paylayırlar.
Regionlarda test xidmətlərini necə təşkil edirsiniz?
– Burada mobil laboratoriyaların xüsusi əhəmiyyəti var. Səhiyyə Nazirliyinin layihə çərçivəsində təqdim etdiyi mobil laboratoriyalardan istifadə etməklə regionlarda İİV və digər infeksiyalar üzrə test xidmətlərinə çıxış imkanlarını genişləndiririk. Mobil laboratoriyanın üstünlüyü ondadır ki, xidmət insanların yaşadığı ərazilərə daha yaxın təşkil olunur. Bu, həm vaxt baxımından, həm də xidmətə müraciət etməkdə çətinlik çəkən şəxslər üçün çox vacibdir. Təşkilatımız həmçinin öz ofisində pulsuz və anonim İİV və İPPI testlərinə çıxış imkanları yaradır.
İl ərzində neçə nəfərə xidmət göstərirsiniz?
– İllərdən və layihələrin həcmindən asılı olaraq təşkilatımız il ərzində təxminən 14 000-dən 19 000-dək şəxsi müxtəlif xidmətlərlə əhatə edir. Bu rəqəmin arxasında təkcə test xidməti dayanmır. Buraya maarifləndirmə, fərdi konsultasiyalar, profilaktik vasitələrin paylanması, testə yönləndirmə, tibbi müşayiət, psixoloji və endokrinoloji xidmətlər də daxildir.
Sizcə, regionlarda bu işin ən böyük üstünlüyü nədir?
– Ən böyük üstünlük xidmətin insanın özünə yaxınlaşdırılmasıdır. İnsan xidmət üçün uzun məsafə qət etməməlidir. Əgər məlumat, aoutreach əməkdaşı, mobil laboratoriya və profilaktik vasitələr onun yaşadığı regionda varsa, xidmətə müraciət etmək daha asan olur. Bu baxımdan bizim geniş regional şəbəkəmiz İİV profilaktikasının ölkə üzrə əhatəsinin artırılmasına ciddi töhfə verir.


























