image-reklam-veteninfo
image-interpress_3cc3f2d473c9b2a20db75407df4031a8_ugxe5lpn6ktz47fajc9o-640x336backend

İlham Əliyevin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğuru – Tənzilə Rüstəmxanlı yazır

image-reklam-veteninfo

ABŞ rəhbəri Donald Trampın Azərbaycan Prezidentinə göstərdiyi xüsusi diqqət və sayqı, eyni zamanda İlham Əliyevin Ağ Evdəki diplomatik jestlərində ifadə olunan dövlət qüruru bunun təsdiqidir. Bu mənada Vaşinqton Bəyannaməsi Azərbaycan liderinin son beş ildə apardığı qətiyyətli hərbi-diplomatik qələbə strategiyasının yekun sənədi idi.

2020-ci ildə Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlar azad edildi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ardınca 2023-cü ilin antiterror əməliyyatı ilə ölkənin tam suverenliyi bərpa olundu. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilər nəinki yenidən quruldu, illərlə separatizm yuvasına çevrilmiş Şuşa, Xankəndi qlobal siyasi tədbirlər məkanına çevrildi.

Azərbaycan öz gücü ilə beynəlxalq hüququ bərpa etməklə yanaşı, həm də bölgədə sülh və sabitliyin dayanıqlı yol xəritəsini cızdı. Bu mənada Prezident İlham Əliyev təkcə müharibədə qalib gələn lider deyil, həm də sülh gündəliyinin banisidir. 2022-ci ildə təqdim olunan 5 əsas prinsipin bu gün Vaşinqtonda imzalanması Azərbaycanın haqq mövqeyinin mütləq qəbul olunmasının göstəricisi idi.

Əldə olunan razılaşmaya əsasən, ATƏT-in 30 ildən artıq fəaliyyət göstərmiş Minsk Qrupunun mandatı və fəaliyyəti tamamilə dayandırılacaq. Minsk Qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri idi.

İmzalanmış sənəddə ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və regionda Qərbin iştirakı ilə yeni siyasi xəritənin formalaşmas Cənubi Qafqazda yeni dövrün başlanğıcı, Azərbaycan diplomatiyasının isə yeni uğuru kimi dəyərləndirilir.

Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsi birmənalı şəkildə Prezident İlham Əliyevin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğurudur.

Azərbaycanın vacib və haqlı tələblərindən biri kimi sənəddə Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişiklik tələbində haqlılığı və o, təmin edilməyincə, hərtərəfli sülh müqaviləsinin nə imzalanmasının, nə də ratifikasiyasının mümkünlüyü vurğulanır.

Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi – Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir.

Qeyd edək ki, Birgə Bəyannamədə sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməli olması barədə müddəa məhz Ermənistanın konstitusiya dəyişikliyinə aiddir.

2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Bakı, bölgədə sülhün yalnız güc balansı və beynəlxalq hüququn prinsipləri əsasında təmin edilə biləcəyini sübut etdi.

Azərbaycan tərəfi, həm Moskva, həm Brüssel, həm də indi Vaşinqton formatlarında aparılan danışıqlarda öz mövqeyində ardıcıl və prinsipial davranaraq, sülh gündəliyini real məzmunla doldurmaq bacarığını nümayiş etdirdi.

Əlbəttə, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Həm hərbi qələbə, həm diplomatik üstünlük, həm də uzunmüddətli sabitliyin qurulması Azərbaycan liderinin dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki