Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibini “dövlət xəzinəsindən hədiyyələr almaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” iddiası ilə bağlı yeni ittihamlarla iyulun 22-dək həbs edib. Bu barədə Vətəninfo.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir .
Pakistanın antikorrupsiya agentliyi olan Milli Hesabatlılıq Bürosu yeni ittihamı İslamabad məhkəməsinin iyulun 13-də Xan və onun həyat yoldaşının qanunsuz nikah işi üzrə hökmü ləğv edən apellyasiya şikayətini təmin etməsindən bir gün sonra irəli sürüb.
Cütlük iyulun 22-də məhkəmə qarşısına çıxacaq.
2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edən İmran Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ilin avqustunda Xan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə həbs edilib. Daha sonra ona qarşı bir sıra başqa ittihamlar da irəli sürülüb ki, onlardan biri də gizli teleqramın dərci ilə bağlı dövlətə xəyanətdir. Xanın verdiyi apellyasiya şikayətinə baxılarkən ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ləğv edilib, lakin keçmiş baş nazir qanunsuz nikah işi üzrə həbsdə qalıb.


























