image-baki-kart-terminalbackend

İnsanların cibinə belə girirlər – Bu kartlar yığışdırılsa da…

image-reklam_sirab_01

Azərbaycanda artıq dörd aydır ki, ictimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan məhdud istifadə kartlarının satışı dayandırılıb.

Bununla bağlı rəsmi məlumat oktyabr ayında verilsə də, yarıtmaz fəaliyətləri yenə də özünü büruzə verib.

Belə ki, “Bakı Kart”ı satış və yükləmə aparatlarından hələ də bu xidmət növü ilə bağlı yerləşdirilən məlumat silinməyib.

Bu da haqlı narazılığa səbəb olur. İctimai nəqliyyatdan mütəmmadi istifadə etməyən və ya ölkəmizə gələn turistlər terminalarda bu kartla bağlı məlumat görsələr də bu xidmətdən istifadə edə bilmirlər.

Ümumiyyətlə bu kartların satışının yığışdırılması nə dərəcədə düzgündür?!

Qeyd edək ki, ictimai nəqliyyatdan istifadə etmək istəyən və “Bakı kart”ı olmayan şəxslər 1, 2, 3 və 4 gediş üçün nəzərdə tutulmuş məhdud istifadə kartları ala bilirdilər. Hazırda bu xidmətin olmaması, ictimai nəqliyyatdan bir dəfə belə istifadə etmək istəyən şəxsi məcbur edir ki, 2 AZN ödəniş edərək yeni kart alsın və balansını artırsın.

Xatırladaq ki, oktyabr ayında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlama verərək bildirmişdi ki, bu kartların satışdan qaldırılmasına səbəb, artıq onlayn, internet üzərindən ödəniş üsulunun mövcud olmasıdır. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacağını da qeyd etmişdi.

Maraqlı məqam odur ki, onlayn ödəniş zamanı karta minimum 1 AZN ödəmək olur və bu ödəniş balansa 1 saat ərzində köçür.

Bundan əlavə yeni xidmətin təkminləşdirilmədən əhalinin istifadəsinə vermək nə dərəcədə düzgün olması da sual altındadır.

Qeyd edək ki, “Bakı Kart” balansınızı internet üzərindən artırdığınız zaman balansınızı görə bilmirsiniz.

Ümumiyyətlə bu kartın yığışdırılmasının onlayn ödənişlə balansın artırılmasına nə dərəcədə aidiyyəti ola bilər?!

Məhdud istifadə kartları ölkəmizə gələn turistlər və ya ictimai nəqliyyatdan mütəmmadi istifadə etməyən şəxslərin harayına yetmək üçün nəzərdə tutulmuşdu. Bu kartların yığışdırılması absurd olduğu qədər, insanların cibinə əl uzatmaqdan başqa heçnə deyil.

Bildirək ki, məhdud istifadə kartlarının satışının dayandırıldığı rəsmi olaraq oktyabr ayında açıqlansa da, əhali artıq bu problemlə aprel ayından bəri üzləşirdi. Bununla bağlı, müvəqqəti istifadə üçün nəzərdə tutulan kartların əldə olunmasındakı məhdudiyyət sistemdə aparılan yenilənmə işləri ilə əlaqədar olduğu vurğulanmışdı. Nəticə etibarı ilə 6 aydan sonra bu kartların satışının ümumiyətlə dayandırıldığı açıqlandı.

Məsələ ilə bağlı Veteninfo.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, internet üzərindən ödəniş etdiyimiz zaman vəsait “Bakı Kart” balansına maksimum 1 saat ərzində köçür:

“Lakin reallıqda isə bu proses daha tez baş verir. Bank kartları ilə ödənişə gəldikdə isə “Bakı Kart”ın balansının artırılması ilə bağlı işlər mərhələylə aparılır. Bu xidmətlə bağlı yenilik olarsa əvvəlcədən məlumat veriləcək”, – deyə, o bildirib.

Məhdud istifadə kartlarının yenidən bərpa olunması və digər suallarla bağlı M. Ağayev məsələni araşdırdıqdan sonra əlavə məlumat veriləcəyini vurğulayıb.

Rufina ALİ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki