Vətəninfo.az xəbər verir ki, İordaniya kralı II Abdullah yeni hökuməti qurmaq üçün İordaniya Kral Ofisinin müdiri Cəfər Həsəni təyin edib.
İordaniya Kral Sarayından verilən məlumata görə, parlament seçkilərindən sonra sabiq baş nazir Bəşər əl-Həsəvnə ənənəvi olaraq istefa ərizəsini II Abdullaha təqdim etdikdən sonra yeni baş nazir bəlli olub.
Kral Abdullah Həsəvnənin istefasını qəbul edərək Cəfər Həsənə göndərdiyi məktubda ona yeni Nazirlər Kabinetini qurmaq tapşırığını verib.
Bakalavr təhsilini Paris Amerika Universitetində başa vuran C.Həsənin Harvard Universitetində dövlət idarəçiliyi və Boston Universitetində isə beynəlxalq əlaqələr sahəsində magistr dərəcələri var.
İordaniyada baş nazir vəzifəsinə təyin olunan 56 yaşlı Cəfər Həsən xarici işlər nazirliyi və dövlət orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışıb.
C.Həsən baş nazir təyin edilməzdən əvvəl İordaniya Kral Ofisinin müdiri vəzifəsində çalışırdı.
Kral II Abdullah dövründə yeni hökumətin baş naziri olan Cəfər Həsən ölkənin 147-ci Baş naziri olub.
İordaniyada hər parlament seçkisindən sonra hökumət yeni hökumətin qurulması üçün hazırlıq məqsədilə Krala istefasını təqdim edir.
Bəşər əl-Həsəvnə hökuməti 12 oktyabr 2020-ci ildə qurulmuşdu.
İordaniyada 10 sentyabrda keçirilən seçkilərdə ölkə üzrə 197 yerli və ümumi siyahıdan 1623 namizəd parlamentin aşağı palatası Nümayəndələr Palatasında 138 mandat uğrunda mübarizə aparmışdı.
Parlament strukturu İordaniyada seçki ilə müəyyən edilən Nümayəndələr Palatası və üzvləri Kral tərəfindən təyin edilən Senat olmaqla iki palatadan ibarətdir.