İranın Cənubi Afrikadakı səfirliyi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Spruance” esminesinin iki yüksəkvəzifəli zabitinin fotolarını və şəxsi məlumatlarını sosial şəbəkədə paylaşaraq onları təhdid edib.
Vətəninfo.az xəbər verir ki, paylaşımda esminesin komandiri Li R. Teyt və onun müavini Ceffri A. Yorkun şəkilləri dərc olunub. Fotoların müşayiət olunduğu açıqlamada zabitlərə ünvanlanan “Sizi tapacağıq” ifadəsi yer alıb.
İran səfirliyi amerikalı zabitləri Minab məktəbinə endirilən zərbə zamanı “Tomahawk” raketlərinin buraxılması barədə əmr verməkdə ittiham edib.
Diplomatik nümayəndəlik ABŞ rəsmilərini hədəf alan digər paylaşımında isə ABŞ-nin maliyyə naziri Skott Bessentin fotosunu yayımlayıb. Paylaşımda Vaşinqtonun yüksəkvəzifəli şəxslərinin təhlükəsizlik səbəbindən gizlənməsi istehzalı şəkildə şərh olunub.
Açıqlamada ABŞ Prezidenti Donald Tramp və digər rəsmilərə ünvanlanan ifadələrlə onların təhlükəsizlik tədbirləri ələ salınıb.
İran səfirliyinin bu paylaşımları Tehranla Vaşinqton arasında gərginliyin sosial şəbəkələrdə də davam etdiyini göstərir.


























