İran hərbi aviasiyasının atası sayılan Nadir Cahanbani kökəncə azərbaycanlı idi. Atası sepahbod (general-leytenant) Əmənulla Cahanbani Qacar sülaləsinə mənsub idi və Pəhləvilər zamanı bir sıra önəmli vəzifələr tutmuş, o cümlədən müdafiə naziri olmuşdu. Anası Yelena Kasminskaya isə Rusiyadan mühacirət edən zadəganlandan idi. Rus qarışığının xarici görkəminə təsir etdiyi Nadir Cahanbaniyə “mavi gözlü general” deyilirdi.
1928-ci ildə anadan olan Nadir Mirzə 18 yaşında hərbi pilotluğu öyrənmək üçün SSRİ-yə gedir və dörd il sonra öz olkəsində baş leytenant kimi xidmətə başlayır. Bir müddət sonra reaktiv mühərrikli “F-84 Tanderget” (Republic F-84 Thunderjet) təyyarələrinin idarəçiliyini öyrənmək üçün 14 nəfərlik qrupun tərkibində Qərbi Almaniyaya yollanır. Onlardan doqquzu bir neçə aydan sonra İrana qayıdır, Cahanbani və daha dörd nəfər isə pilot-instruktor olmaq üçün bir qədər də təcrübə keçirlər.
1950-ci illərdə Nadir Cahanbani İranın ən mahir pilotu hesab olunurdu. O, 1958-ci ildə “Qızıl tac” (Tac-i təlayi) adlı yüksək pilotaj qrupunun əsasını qoyur. İslam inqilabına qədərki 21 il ərzində bu qrup dünyada ən mahir yüksək pilotaj qruplarından, Nadir Cahanbani isə ən mahir pilotlardan biri sayılır.
Qacar şahzadəsi 1970-ci illərdə İran hərbi hava qüvvələrində bir sıra yüksək vəzifələr tutur. Son vəzifəsi isə HHQ komandanının müavini olur. Belə bir fikir mövcuddur ki, əslinda haqq etdiyi HHQ komandanı vəzifəsini tutmamasına səbəb anasının rus olması, özünün də SSRİ-də təhsil alması olub. Amerikalılar ona tam etibar etmirdilər.
“Mavigözlü general” İranın müasir hərbi təyyarələrlə təchiz olunmasında, eləcə də hərbi pilotların döyüş hazırlığının yüksəlməsində müstəsna rol oynayır. Məsələn, İranın ABŞ-dan “F-14 Tomket” təyyarələrini və bu təyyarələr üçün “AİM-54 Feniks” raketlərini almasının məhz Cahanbaninin israrı nəticəsində baş tutur (ABŞ həm Tomket, həm də Feniksi İrandan başqa bir ölkəyə satmayıb). Onun son hərbi rütbəsi isə atası kimi general-leytenant olur.
Nadir Cahanbani həm də bir sıra idman növləri, o cümlədən atçılıqla məşğul idi və bir neçə dəfə konkur üzrə İran çempionu oldu. 1970-ci illərdə isə İran milli idman təşkilatının rəhbəri təyin edilir. Futbol üzrə İran milli komandasının tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə (1978-ci il) vəsiqə qazanmasında töhfəsi olan adamlardan sayılır.
Siyasətə qarışmayan general monarxiyanın devrilməsi ərəfəsində müxtəlif yerlərdən, o cümlədən ABŞ HHQ-dəki dostlarından gələn təkliflərə baxmayaraq, ölkəsini tərk etmir. O, hakim sülalə ilə yaxın qohum olsa da (qardaşı Xosrov şahın qızı Şahnaz ilə evli idi), hesab edirdi ki, onu heç bir təhlükə gözləmir.
Amma İslam inqilabından sonrakı yeni iqtidar heç də belə düşünmürdü. Tezliklə Nadir Mirzə həbs olundu. Onun işini araşdıran, xeyli adam haqqında edam hökmü çıxarması ilə tanınan Sadiq Xalxalinin (kökəncə azərbaycanlı) fikrincə şahla qohumluq və keçmiş rejim zamanı yüksək vəzifələr tutmaq edam üçün yetərli əsas idi. General-leytenant Nadir Cahanbani inqilab məhkəməsinin hökmü ilə 1979-cu il martın 13-də güllələndi.
İlyarım sonra İran-İraq müharibəsi başlayarkən Nadir Cahanbaninin İran üçün nə qədər böyük işlər gördüyü aşkara çıxdı. İran təyyarələri İraq təyyarələrindən daha müasir, İslam rejimi tərəfindən güllələnməyib sağ qalan İran pilotları isə qarşı tərəfin pilotlarından daha hazırlıqlı idilər. Müharibənin ilk dövründə İraq hücumunun qarşısının alınmasında məhz aviasiya böyük rol oynadı. İranlı pilotların bu müharibə zamanı həyata keçirdikləri ən heyrətamiz əməliyyat isə İraqın H-3 aviabazasını bombalamaları oldu.
***
H-3 aviabazası İraqın lap qərb ərasizində, İordaniya ilə sərhəd yaxınlığında, Bağdaddan 435 km qərbdə yerləşirdi. O, üç aerodromdan ibarət baza idi. H-3 İran ərazisindən xeyli uzaqda yerləşdiyi üçün İran-İraq müharibəsi zamanı İraq aviasiyası özünü burada təhlükəsiz hiss edirdi.
1981-ci ilin əvvəllərində İran kəşfiyyatı düşmən aviasiyasının yenicə alınan “Mirage F1” (Fransa) qırıcıları və “Tu-22” (SSRİ) bombardmançıları ilə gücləndirildiyi və onların H-3-də saxlanıldıqları barədə məlumat əldə etdi. Buna görə də aviabazaya hücum təşkil etmək qərara alındı.
Aviabazaya qədər və geriyə olan 1500 km məsafəni yalnız havada yanacaq doldurmaqla qət etmək olardı. Üstəlik, düz xətlə marşrut İraq aviasiyasının və hava hücumundan müdafiə sistemlərinin fəal olduğu ərazidən keçirdi. Buna görə də İran təyyarəçiləri daha mürəkkəb əməliyyat hazırladılar. İraqın Türkiyə ilə şimal və Suriya ilə qərb sərhədlərinə ciddi diqqət ayırmadığını nəzərə alaraq hücumu bu ərazilərdən etmək qərara alındı.
Əməliyyatda səkkiz “F-4 Fantom”, dörd “F-14 Tomket” və “C-130 Herkules” təyyarəsi iştirak edirdi. Bundan əlavə, iki “Boinq-707” və iki “Boinq-747” markalı dörd tanker-təyyarə havada yanacaq doldurmaq üçün idi. Nəhayət, daha bir “Boinq-747” təyyarəsi komanda məntəqəsi rolunu oynayır, İraq radarlarına nəzarət edir və İran HHQ komandanlığı ilə təyyarələr arasında əlaqəni retranslyasiya edirdi.
Həmədan yaxınlığındakı Şahruxi aviabazasından aprelin 4-də saat 10:30-da qalxan təyyarələr əvvəlcə şimala, Urmiya gölünə tərəf uçdular. İraq sərhədini keçməzdən öncə öz ərazilərində ilk dəfə yanacaq doldurdular (iki Boinq-707” təyyarələrindən). Bundan sonra iki “Tomket” Həmədana qayıtdı, ikisi də sərhəd yaxınlığında patrul uçuşu keçirdilər. Səkkiz “Fantom” isə İraq-Türkiyə sərhədi boyunca, radarlara düşməmək üçün 100 metrdən aşağı hündürlükdə uçuşlarını davam etdirdilər.
İraq aviasiyasının diqqətinin yayındırmaq üçün Təbriz aviabazasından qalxan üç “F-5 Nortrop” təyyarələri Kərkük yaxınlığındakı Hurriyə avibazasını bombalayıb geri qayıtdı. Bu hücum iraqlılara elə bir zərər vurmadı, zatən məqsəd də zərər vurmaq deyildi.
Yanacaq doldurmaq üçün istifadə ediləcək iki “Boinq-747” təyyarəsi isə iki gün əvvəl uydurma bir bəhanə ilə Suriyaya göndərilmişdi. İndi onlar da Dəməşq aeroportundan havaya qalxdılar və “Fantom”lara qoşuldular. Ümumiyyətlə, hər bir “Fantom” İran ərazisini tərk edəndən sonra dörd dəfə yanacaq doldurdu. Proses yerdən 100 metr hündürlükdə keçirilirdi ki, bu da bütün təhlükəsizlik qaydalarına ziddi idi. Amma radarlara düşməmək üçün başqa yol yox idi. Əlavə edim ki, aşağı hündürlükdə uçuş zamanı havanın müqaviməti çox olduğundan yanacaq da çox işlənirdi.
Türkiyə-İraq sərhədindən sonra Suriya-İraq sərhədi boyunca uçan təyyarə qafiləsi H-3 aviabazasına yaxınlaşanda iki qrupa bölündü və hər üç aerodroma hücum etdilər. Əvvəlcə uçuş zolağı bombardman edilərək sıradan çıxarıldı və bununla İraq təyyarələrinin havaya qalxmasının qarşısı alındı. Bundan sonra aerodromlara bir neçə dəfə hücum edən iranlılar təyyarələri və anqarları təyyarə toplarından atəşə tutdular. İraqlılar tamamilə gözlənilməz olan bu hücuma qarşı ciddi müqavimət göstərə bilmədilər. İranlılar isə gəldikləri marşrutla da geri qayıtdılar.
H-3 aviabazasının bombalanması hərbi aviasiya tarixində ən uğurlu əməliyyatlardan biri sayılır. Bu əməliyyat İran hərbi hava qüvvələrinin yüksək döyüş hazırlığını bir daha sübut etdi.
Yadigar Sadıqlı