Livan rəsmi olaraq İrandan İran aviaşirkətlərinin Beyruta uçuşları ən azı fevralın 21-dək dayandırmasını istəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Pourfarzaneh məlumat verib. Səbəb təhlükəsizlik mülahizələridir. Beyrut bu müddət ərzində bütün növ beynəlxalq uçuşların dayandırılacağını açıqlayıb.
Məsələ burasındadır ki, Livan hakimiyyəti İranın “Mahan Air” şirkətinin təyyarələrinin Beyrut beynəlxalq hava limanına enməsinə icazə vermədikdən sonra “Hizbullah” qruplaşmasının üzvləri uçuş-enmə zolağını bağlayıblar. Etirazçılar hətta təhlükəsizlik qüvvələrinə də hücum ediblər. Livan prezidenti Cozef Aunun əmri ilə təhlükəsizlik qüvvələri hücumla bağlı iyirmi altı nəfəri həbs edib. Ordu cəlb olunub və bağlanan uçuş-enmə zolağı açılıb. Prezident Aun söz verib ki, bundan sonra belə bir vəziyyətin yaranmasına imkan verməyəcək.