Dünən İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı “maksimum təzyiq” siyasətindən istifadə etməsi ilə bağlı açıqlamalarına münasibət bildirib və deyib ki, “İran sanksiyaların təsirini neytrallaşdırmaq üçün kifayət qədər resurs və imkanlara malikdir”.
Vətəninfo.az xəbər verir ki, Məsud Pezeşkian “İran qonşu ölkələrlə uğurlu münasibətdə olsa, Tehrana necə sanksiya tətbiq edilə biləcəyini” sorğulayıb.
Pezeşkianın sözlərinə görə, bir çoxları İran iqtisadiyyatının yalnız neftdən asılı olduğunu düşünür, ancaq o, hesab edir ki, bu, həqiqətdən uzaqdır.
“Amerikalılar elə bilirlər ki, bizim gördüyümüz hər şey neftdən asılıdır və onlar bizim ixracımızı dayandırmağa çalışırlar. Onların hədəflərini zərərsizləşdirməyin isə bir çox yolu var”, – deyə, İran prezidenti qeyd edib.